İldırım vurmasından necə qorunaq? - Mütəxəssis AÇIQLADI

HADİSƏ
12:06 / 03.07.2024
798

"İldırım vurmaları hər zaman insanları narahat edən, qorxudan məsələdir". 

Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əslində ildırım Dünyada hər an baş verən bir təbiət hadisəsidir:

"Təqribən saniyədə 100 ildırım çaxır. İldırım əsasən baharda və yaya keçid zamanı havaların isinməsi zamanı yaranan buxar kondensatının da təsiri ilə yaranır. Amma ildırım çaxmasına tək yaz-yay deyil, yay-payız fəsillərində də sıx-sıx rast gəlinir. Bu, iki böyük bulud arasında və ya yağışlı havalarda daha çox olmaqla Yerlə bulud arasında yaranan atmosfer hadisəsidir. İldırım zamanı yaranan gərginlik milyon voltlarla ölçülə bilər. Yaranan hərarət isə 40000 dərəcəyə qədər ola bilir".

353302

Mütəxəssis diqqətə çatdırıb ki, ildırımların bir neçə növü var:

"Daha çox görünən xətti və xətti şaxələnəndir. Bir digər növü yastı ildırım və nadir görünəni isə kürəvi ildırımdır. Keçmişdə insanlar məlumat azlığından daha çox ildırım vurmasına məruz qalırdılar. Faradeyin kəşfindən sonra isə elm insanları Faradey qəfəsi, borusu və ya sahəsi prinsipi ilə bu problemi həll etdilər. 

İndi isə daha çox məsuliyətsizlik, ehtiyatsızlıq nəticəsində ildırım vurması halları yaşanır. Həmçinin, təsadüfdən də ildırım vurması və təəssüf ki, çox zaman ölüm halları baş verir. Çox zaman ilkin müdaxilənin düzgün olması nəticəsində ildırım vurmuş insanların həyatını qurtarmaq olur. Hətta bir neçə dəfə ildırım vuran insan belə sağ qala bilər". 

Həmsöhbətimiz onu da qeyd edib ki, hər saniyədə 100 ildırım hadisəsi baş versə də təyyarələrin təhlükəsiz və rahat uçmasının səbəbi Faradey qəfəsidir:

"Bu səbəbdən təyyarənin fəzada hərəkəti və buludlar arasında uçarkən dəfələrlə ildırım vurmasına baxmayaraq heç bir qəza baş vermir. Bu baxımdan fırtınalı, ildırımlı havada heç bir ildırım qorxusu olmadan uçuşunuza davam edə bilərsiniz. Eyni zamanda avtomobillər, avtobus, qatar və digər qapalı nəqliyat vasitələri də Faradey qəfəsi prinsipi ilə hazırlandığından tam təhlükəsizdir. Yalnız fırtınalı havada üstü açıq avtomobillər ildırım vurarkən "ölüm maşını"na çevrilirlər. 

Həmçinin, motoskilet, velosiped, at, ulaq, qatır, fil kimi vasitələrlə də hərəkət edərkən şimşək çaxanda birbaşa ildırımın hədəfi ola bilərsiniz. Çöldə olsanız belə nəqliyat vasitələrindən uzaqlaşıb fırtına və ildırım çaxmasının keçməsini gözləməyiniz tövsiyə olunur".

Qorxmaz İbrahimli son zamanlarda bir neçə vətəndaşın ildırım vurması nəticəsində ölməsindən də danışıb:

"Belə hallardan qorunmaq üçün fırtınalı havalar zamanı tək ağacların altında qalmaq olmaz. Bunu daha çox çobanlar bilməlidirlər. Fırtına zamanı üzərinizdə ov tüfəngi, digər silah, metal əşya, mobil telefon, radioqəbuledici və s. varsa, fırtına keçənə qədər özünüzdən müəyyən məsafə aralıda saxlayın.  

Örtülü hər hansı bir yerdəsinizsə, dam üzərində antenna və ya hər hansı bir ötürücünü ildırım vursa da içəridəki insanlara zərər verməz. Hətta ildırım idarə etdiyiniz avtomobili vurarsa belə həyatınız üçün heç bir təhlükə olmayacaq. İnsanları çox zaman ildırım çaxması zamanı mənfi və müsbət ionların toqquşmasından yaranan parıltı və gurultu qorxudur. Əslində bütün sadaladıqlarımızı nəzərə alan vətəndaşlar ildırımdan qorxmamalıdırlar".

Pərviz

0