Canımızı cangüdən güdməlidir?

HADİSƏ
23:18 / 08.07.2024
444

Dəniz dünən yenə bir can alıb. Çoxlarının yadına dərhal hadisə baş verəndə xilasedici düşür.

Dünən Bilgəh çimərliyində idim. Sahildən müəyyən məsafədə dənizə girməyin təhlükəli olduğunu göstərən işarələr qoyulub. Başa salırlar ki, oradan o tərəfə üzmək təhlükəlidir. İnsafən o istidə xilasedicilər də bir dəqiqə dayanmır, insanlara xəbərdarlıq edir, dərinə getməyin, təhlükəli olduğunu az qala bağıra-bağıra başa salırdılar. 

Amma kimə deyirsən? Yenə söz eşitməyib, irəli gedənlər var idi. Xüsusən də kişilər, gənc oğlanlar sanki qoyulmuş qadağa xəttini aşmağı hünər bilirdilər. Dərinlikdə heç kim ayağının altını görmür. Anidən çökəkliyə düşməklə, boğulma baş verir. Ölüm isə  qaşla gözün arasındadır. Canımızın təhlükəsizliyini başqası mühafizə etməməlidir. Hər kəs öncə özünü qorumalı, sonra xilasedciyə güvənməlidir. Sən get gir təhlükənin içinə, boğul, öl, sənə görə kimsə töhmət alsın, işdən çıxsın? Allahın verdiyi ən qiymətli  hədiyyə olan həyatı məhv olsun? Dənizə istirahətə getmək lazımdır, cənablar, əcəllə  çilingağac oynamağa yox.

Murad

0