Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında iyulun 11-də axşam saatlarında nəzarətsiz ərazidə dənizdə batmış üç nəfərin - 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu, 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlu və Ağayev Ağaşirin Ramin oğlunun cəsədi bu gün suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edib.