İrandan Azərbaycan istiqamətində dövlət sərhədi pozuldu, DSX-nin iki əməkdaşı xəsarət aldı - FOTO

16:52 / 24.07.2024
576

İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.

Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.

"Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunması nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyən edilib. Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 mm çaplı tüfəng, giliz və patronlar aşkar olunub", deyə DSX bildirib.

Məlumatda vurğulanıb ki, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

0