Bakıda qadınları qorxu içində saxlayan manyak həbs edildi

HADİSƏ
14:14 / 13.08.2024
363

Bu günlərdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində seksual manyakın olması ilə bağlı sakinlər arasında məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, ərazi üzrə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə müraciət edən qadınlar tanımadıqları şəxsin onları izlədiyini, ictimai yerdə qeyri-adekvat hərəkətlər etdiyini bildirib.

Həyata keçirilən tədbirlərlə əməli törədən Maştağa qəsəbəsinin Ləhic bağları yaşayış massivinin sakini 1996-cı il təvəllüdlü Orxan Babayev (ad-soyad şərtidir) saxlanılıb. O saxlanılarkən polisə müqavimət göstərib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən gənc oğlan avqustun 8-i Sabunçu Rayon Məhkəməsinə çıxarılıb. Protokola hakim Samirə Məmmədli tərəfindən baxılıb.

Şahid kimi ifadə verən qızlar Orxandan şikayətçi olduqlarını bildiriblər.

N.Hüseynova adlı şikayətçinin sözlərinə görə, Orxan onu israrla təqib edib: “Kollecə gedərkən bu oğlanın gözünü məndən çəkmədiyini, telefonla danışaraq keçdiyini gördüm. Daha sonra axşam evə qayıdanda da onu “İnsaf” marketin qarşısında telefon qulağında gördüm. Həmin şəxs avtobusla elektrik yerinin arasında üzü yola tərəf yarıçılpaq vəziyyətdə dayanmışdı. Mən çox qorxmuşdum, bu barədə evə gedərkən əmimgilə dedim. Onlar marketin kameralarından görüntüləri əldə edərək dərhal bu barədə polisə məlumat verdilər”.

Digər şikayətçi Ə.Vəliyeva yaşadığı qəsəbədə seksual manyakın peyda olması barədə əvvəlcədən eşitdiyini deyib: “Hadisə günü maşından düşüb evə gedərkən bir nəfər oğlanın döngənin üzərində olan boş yarımtikiliyə keçdiyini gördüm. Təxminən 2-3 həftə əvvəl məhlədə manyakın peyda olduğunu eşitmişdim. Ona görə ehtiyatlı davranaraq əlimə yerdən daş götürdüm. Həmin obyektin qarşısından keçəndə bu oğlanın çılpaq vəziyyətdə dayandığını gördüm. Evə necə getdiyimi heç özüm də bilmədim. Anama telefonla zəng edərək olduğum yeri dedim ki, başıma nəsə gəlsə, harada olduğumu bilsinlər”.

Orxan Babayev isə ifadəsində özünü müdafiə edib. O bu hərəkətləri böyrəyində problem olduğu üçün etdiyini söyləyib.

Sabunçu Rayon Məhkəməsinin 8 avqust tarixli qərarı ilə Orxana 1 ay inzibati həbs cəzası verilib.

0