Xəbər verildiyi kimi, 24 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıclar tərəfindən həyata keçirilən fasiləsiz axtarış tədbirləri nəticəsində rayonun Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Şamxal Həsənzadənin əmisi İdrak Həsənovun APA-ya verdiyi məlumata görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı. "O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər".