Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.
HİT.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
14.55
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
HİT.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
14.22
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.
HİT.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".
TƏBİB-dən bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib. İndiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.