Dövlət Xidməti "Mars-A"dakı ölüm işi işi ilə bağlı araşdırma aparır (RƏSMİ)

HADİSƏ
16:15 / 09.10.2024
9
Xəbər verdiyimiz kimi, bu ilin sentyabrın 20-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 282 ünvanında fəaliyyət göstərən və metal məmulatlarının istehsalı ilə məşğul olan "Mars-A" şirkətində bədbəxt hadisə baş verib. "Mars-A" MMC-də çalışan fəhlə Şahbazov Coşqun Fazil oğlu iş zamanı yük kranından başına ağır əşyanın düşməsi nəticəsində həyatını itirib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Qaynarinfo-nun sorğusuna cavab olaraq hadisənin baş verməsi təsdiqlənib:
 
"Bildiririk ki, "Mars-A" MMC-nin işçisi Şahbazlı Coşqun Fazil oğlunun 20.09.2024-cü il tarixdə Binəqədi rayonu ərazisində bədbəxt hadisə nəticəsində ölümü ilə bağlı 23.09.2024-cü il tarixində Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat daxil olub. Qeyd edilən məlumat əsasında Azərbaycan Respublikasının Əmək məcəlləsinin 217-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq bədbəxt hadisənin Xidmətin Bakı şəhər İdarəsi tərəfindən araşdırması aparılır. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Mars-A" şirkətində baş verən bədbəxt hadisənin araşdırılması yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun tədbirlər görüləcək".
 
Qeyd edək ki, redaksiyamıza təqdim olunan video materialdan hadisənin necə baş verdiyi  aydın görünür. Amma görüntülərin həssaslığını nəzərə alaraq, onu yayımlamırıq.
 
 
Nizamnamə kapitalı 747,700 manat olan "Mars-A" MMC-nin qanuni təmsilçisi Kişiyev Eldəniz Firudin oğlu göstərilir. Şirkətin ilk qanuni təmsilçisi Yaqubov Elçin Səfər oğlu, daha sonra Kazımov Rəhmət Kazım oğlu olub. Şirkətin rəsmi veb səhfəsində qeyd edilir ki, "Mars-A" MMC Azərbaycanda metal istehsalı və satışı üzrə lider şirkətlərdən biridir. Şirkət qara metal bazarında 20003-ci ildən fəaliyyət göstərir. Sosial şəbəkələrdə şirkətin sahiblərinin Rəhmət Kazımov, Nazim Möhsümov və Məmməd Möhsümov olduğu deyilir. 
 
Məsələ ilə bağlı "Mars-A" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bu barədə məlumat verə bilməyəcəklərini bildirdilər.
 
Hadisə ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanlamışıq.
 
Əhməd
0