Ucar rayonunda 14 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 22 nəfər yaralanıb.
”Report” xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəzaya uğrayan “Mercedes”in sürücüsü “Report”a yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayandıqlarını, bu əsnada arxadan gələn “KamAZ” markalı yük maşınının avtomobillərə çırpıldığını bildirib.
Yaralılardan bəziləri Ucar Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, olay yerinə Göyçay Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib.
Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub, avtobillərdə sıxılıb qalmış sərnişin və sürücülər avtomobillərdən çıxarılıb.
Qəza nəticəsində dünyasını dəyişənlər Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.