Tovuzda ananın imtina etdiyi uşaqdan xəbər var

HADİSƏ
11:55 / 29.03.2025
135

Tovuzda anasının imtina etdiyi və bir neçə gündür Bakıda xəstəxanaya yerləşdirilən körpənin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Musavat.com-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, körpə davamlı olaraq ac və susuz qaldığı üçün orqanizmində elementlər aşağı səviyyədədir:

“Həkimlər onu ağır vəziyyətdən xilas etmək üçün bütün səylərini göstərirlər. Körpə o qədər qidalandırılmayıb ki, onda bağırsaq keçməzliyi yaranıb. Köpdən onun ağ ciyərləri sıxılır, ürəyində taxikardiya əmələ gəlib.

Dünən körpənin səhhətində vəziyyət dəyişmədiyinə və köp artdığına görə 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürüblər. 

1 yaş 2 aylıq uşağın çəkisi 5 kilodur. Ona yaxınlaşanda qorxu reaksiyası hiss olunur. Görünür, uşağa anası tərəfindən şiddət də göstərilib.

Sosial şəbəkələrdə bildirirlər ki, anada əqli qüsurluluq var. Onun bu körpədən əlavə iki qızı da doğulub. Deyilənə görə, onlardan birində də qüsurluluq müşahidə olunub. Uşaqların atasının kimliyi isə bəlli deyil”.

K. Ağazadə bildirib ki, ananın digər uşaqları Göygöl İcra Hakimiyyətinin nəzarətindədir:

“Həmin uşaqlar ananın uzaq qohumunun yanındadırlar. Mənə məlumat verilib ki, onlara yaxşı baxılır”.

Xatırladaq ki, polislər martın 17-si saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlını Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.

Qeyd edək ki, sosial şəbəkələrdə ananın nikahdankənar dünyaya gətirdiyi körpəsindən imtina etdiyi ilə bağlı məlumatlar yayılıb.

0