Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İbrahim Rəfiyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
HİT.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və İ.Rəfiyev cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 4 mart 2025-ci il tarixində, saat 23:00-da Suraxanı rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, İbrahim Rəfiyev oğlu, zərərçəkmiş İsmayıl Rəfiyevin (ad, soyadı şərtidir) siqaret çəkdiyini görərək əsəbiləşib. Bu zaman o, qəsdən əli ilə oğlunun baş nahiyəsinə bir neçə dəfə vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirib.
Hadisədən sonra İbrahim Rəfiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib, əməlindən peşman olduğunu, zərərçəkmiş oğlu ilə barışdığını deyərək, iş üzrə icraata xitam verilməsini xahiş edib.