Dünən saat 18 radələrində Göyçay rayonunda intihar edən iş adamı 1977-ci il təvəllüdlü Əflatun İsmayılovla bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Ə.İsmayılov ailə üzvləri ilə birgə 2016-cı ildə Somalidə terrorçuların hücumuna məruz qalıbmış. Həmin hadisədə onun həyat yoldaşı Kəmalə İsmayılova həlak olub, Ə.İsmayılov və övladları isə ağır xəsarətlər alıb.
Bundan sonra K.İsmayılovanın cənazəsi Türkiyənin vasitəçiliyi ilə Somalidən gətirilərək Göyçayın Ləkçıplaq kəndində dəfn edilib. Ə.İsmayılov və övladları da Afrikadan Azərbaycana qayıdaraq burada yaşamağa davam ediblər.
Ə.İsmayılovun yaxınları Oxu.az-a açıqlamalarında həmin terror hadisəsindən sonra onda psixoloji problemlərin yarandığını bildiriblər.
Qeyd edək ki, Ə. İsmayılov ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar çoxlu borcu yaranıb. Onun xarici ölkələrə kənd təsərrüfatı məhsulları apardığı qeyd edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.