Bakıda silsilə oğurluq törətməkdə ittiham edilən qadın həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Aysel Kərimova (ad-soyad şərti) tanınmamaq üçün gözünə qara eynək taxıb və saçlarını sifətinə dağıdaraq üzünü gizlətməklə oğurluq edib.
Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Aysel Kərimova müştəri qismində daxil olduğu "Əfsanə" gözəllik salonundan 836 manat, "Ayla" gözəllik salonundan 655 manat, "Antep Lahmacun" restoranından 2410 manat, "RH" qadın geyimləri mağazasından 2290 manat və Qara Qarayev prospekti 61 ünvanında yerləşən "LC Waikiki" mağazasından 3520 manat məbləğində oğurluq edib.
Həmin obyektlərdə müştərilərin pul qablarını, qızıllarını və digər əşyalarını oğurlayan qadın hüquq-mühafizə orqanlarından xüsusi üsulla yayınmağının sirrini açıqlayıb. O, oğurluq hadisələrini törədərkən tanınmasın deyə 2 ay ərzində gözünə qara eynək taxıb, əyninə boz rəngli gödəkcə geyinib və saçlarını sifətinə dağıtmaqla müşahidə kameralarından kimliyini gizlətməyi bir neçə ay bacarıb.
Aparılan araşdırma nəticəsində Aysel Kərimova sonuncu cinayət əməlini gizlətməyi və hüquq-mühafizə orqanlarından yayınmağı bacarmayıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.