Gürcüstan vətəndaşı olan yük avtomobili sürücüsü “Qırmızı Körpü” gömrük postunda 60 min ABŞ dollarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyərkən saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, 41 yaşlı Agil Nazarov 40 min dolları corablarında, 20 mini isə şalvarının cibində gizlədərək ölkəyə keçirməyə çalışıb.
Gömrük əməkdaşları sürücünün üstünə baxış keçirərkən qanunsuz pul vəsaiti aşkarlanıb, onun barəsində cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, pul Agil Nazarova məxsus olmayıb. O, istintaqa verdiyi ifadəsində deyib ki, Fərid adlı şəxs həmin vəsaiti Bakıya çatdırmaq üçün ona verib və qarşılığında 120 manat vəd edib. Maddi çətinliklərlə üzləşdiyi üçün də bu təklifi qəbul edib.
Anket məlumatlarından məlum olub ki, Agil Gürcüstan vətəndaşı olsa da, 10 ildən çoxdur Bakıda yaşayır. O, iki azyaşlı uşaq atasıdır, sürücü işləməklə ailəsini dolandırır.
Cinayət işi üzrə ittihamlar təqsirləndirilən şəxsin etirafedici ifadəsi və şahidlərin dindirilməsi ilə sübuta yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Agil Nazarov qaçaqmalçılıqda təqsirli bilinib. Lakin məhkəmə iki azyaşlı övladı olmasını da nəzərə alaraq onu həbsdə saxlamayıb. Agilə şərti cəza təyin edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.