Azərbaycanda istifadə olunan bütün avtomobillər sığortalanıb.
Avtomobil sahibləri bunun üçün fərqli sığorta şirkətlərinə müxtəlif məbləğlərdə ödənişlər edirlər. Lakin qəza baş verən zaman sığorta məsələsi ciddi problemə çevrilir. Çünki əksər sığorta şirkətləri ilə avtomobil sahibi arasında dəymiş ziyanla bağlı anlaşılmazlıq yaşanır.
Belə ki, vətəndaşlar avtomobillərinə dəymiş bütün zərərin və usta xərclərinin qarşılanmasını tələb edirlər. Sığorta şirkətləri isə əksər hallarda onların nəzərdə tutduğu pulun yarısını verir. Ödənişlə bağlı razılıq olmadıqda isə şirkət avtomobili özü təmir etməyi təklif edir.
Ancaq sığorta şirkətlərinin avtomobilləri yüksək keyfiyyətli şəkildə təmir edəcəklərinə dair inam çox aşağı səviyyədədir. Ona görə də qəzaya uğrayan avtomobillərin sahibləri başqa ustalara üz tutmaq məcburiyyətində qalırlar. Onlar, sığorta şirkətlərinin avtomobilə dəymiş ziyanı tam ödəməməsindən gileylənirlər.
Ümumiyyətlə, bəzi sığorta şirkətləri nə üçün dəymiş zərərin hamısını ödəmək istəmirlər?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, avtomobil qəzasından sonra sığorta şirkətinin apardığı qiymətləndirmə əksər hallarda sürücüləri qane etmir:
"Əvvəla, bu prosesin həddindən artıq uzun vaxt aparması çox tənqid olunur. Çünki istər dəymiş ziyanın qiymətləndirilməsi, istərsə də ödənişin verilməsi üçün həftələr lazımdır. Bu isə avtomobilini qısa zamanda təmir etdirmək istəyən insanların ürəyincə olmur. Üstəlik, qiymətləndirmə zamanı dəymiş ziyandan aşağı məbləğlərin yazılma halları da müşahidə olunur".
Ekspert onun səbəblərini belə izah edib:
"Əslində, ticarətin yazılmayan qanunu var. Yəni hər bir sahibkar az ödəniş edib, çox qazanmaq istəyir. Məsələnin kökündə də məhz bu dayanır. Çünki insanlar daha çox qazanmaq istəyirlər. Bu səbəbdən də bəzi sığorta şirkətləri dəymiş ziyanı tam formada ödəməkdən yayınmağa çalışırlar.
Lakin bunun ortaya çıxması həmin sığorta şirkətini pis vəziyyətdə qoya bilər. Araşdırma zamanı onların belə hallara yol verildiyi təsdiqlənərsə, o sığorta şirkəti külli miqdarda cərimələnir. Belə olan halda isə şirkət bir daha bənzər yollara əl atmaqda maraqlı olmur".
Lakin mütəxəssis onu da vurğulayıb ki, bütün sığorta şirkətləri bu addımı atmır:
"Yəni bunu bütün sığorta şirkətlərinə şamil etmək olmaz. Bir çox sığorta şirkəti son dərəcə obyektiv qiymətləndirmə apararaq, avtomobilə dəymiş ziyana uyğun pul ödəyir. Əlbəttə ki, o zaman hansısa narazılıq yaşanmır".
Pərviz