Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT

HADİSƏ
17:59 / 28.06.2025
49

Bakının Qaradağ rayonunda 27 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla ailə qurduğu üçün məsuliyyətə cəlb olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1998-ci il təvəllüdlü Bakı sakini Asim ötən il oktyabrın 14-də yetkinlik yaşına çatmayan Könül (adlar şərti verilib – red.) ilə qeyri-rəsmi nikaha daxil olub. Rayon ərazisindəki şadlıq evlərindən birində toy mərasimi keçirilib.

İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəsinin və özünün istəyi, qonşuluqda yaşayan Könülün və anasının razılığı ilə ailə həyatı qurublar: “Könül ağıllı və tərbiyəli qız olduğu üçün onunla ciddi münasibətlər qurmuşam. Ailə üzvlərimin xəstə olması səbəbi ilə qərara gəldik ki, toyu tez edək”.

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 14-də qohumların iştirakı ilə şadlıq sarayında toy məclisi təşkil ediblər: “Könül yaşadığımız evə gəlin köçdü. Könüllə cinsi əlaqədə oldum və birlikdə yaşamağa başladıq. Bir neçə gün sonra polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslə evləndiyim üçün məni bölməyə dəvət etdilər”.

İş üzrə ifadə verən Könülün sözlərinə görə, anası Sona ilə birlikdə yaşayıb: “Mən 9-cu sinfi bitirmişəm, işləmirəm və heç bir fərdi əmək fəaliyyəti ilə məşğul olmuram. Oktyabrın 14-də anamın və öz istəyimlə qonşuluqda yaşayan Asimlə ailə həyatı qurduq”.

Onun sözlərinə görə, bir müddət nişanlı olublar: “Biz bir-birimizi tanımışıq və sevmişik. Bir müddət nişanlı qaldıqdan sonra ailə qurmağa qərar verdik. Asimin valideynləri xəstə olduğundan düşündük ki, qeyri-rəsmi nikaha daxil olaq və ailə kimi yaşayaq. Asimin anası bizə elçi gəldi. Anam onları tanıdığından etiraz etmədi”.

Könülün bildirdiyinə görə, toydan bir neçə gün sonra ona yetkinlik yaşına çatmadığı üçün ailə qurmasının cinayət məsuliyyəti yaratdığı məlum olub: “Mən də Asimin tutulmasından qorxdum. Buna görə qərara gəldik ki, 18 yaşım tamam olanadək anamlabirlikdə yaşayım. Hazırda anamla qalıram”.

İş üzrə şahid qismində ifadə verən şəxslərdən biri də yetkinlik yaşına çatmayan Könülün atası Sabirdir. Sabirin ifadəsindən məlum olur ki, qızının ərə verilməsindən xəbəri olmayıb.

Sabir ifadəsində göstərib ki, Könül onun Sona ilə rəsmi nikahlarından 3-cü övladıdır: “Sona ilə 5 ilə yaxındır rəsmi qaydada boşanmışıq, mən hazırda Astara rayonunun kəndində tək yaşayıram, 2-ci qrup əliləm. Övladlarım, keçmiş həyat yoldaşım Sona ilə birlikdə Qaradağ rayonunun Qobustan qəsəbəsində qalırlar.

Yetkinik yaşına çatmayan uşağımın ailə qurmasına qarşıyam, qızımın evlilik xəbərini eşidən kimi dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxladım, bu barədə məlumat verdim”.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.
 

0