"Çimərliyə gedərkən bir çox nüansa fikir vermək lazımdır".
Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, çimərliklərdə üzmə sərhədlərini məhdudlaşdıran qadağalar olur:
"Ümumiyyətlə, təhlükəsiz üzmə zonası 1,5 metrdir. Yəni bütün çimərliklərdə və hovuzlarda 1,5 metrdən dərin məsafədə üzmək tövsiyə olunmur. Ona görə, çimərliyə gedərkən mütləq bu amilə diqqət edilməlidir.
Üzmə sərhədlərini məhdudlaşdıran sərhədləri keçmək olmaz. Bəzən bu sərhədi dəfələrlə keçərək daha dərin yerlərdə üzülürlər. Hansısa bir dəmir və ya metal konstruksiyanın, eləcə də daş parçaların üzərinə çıxıb suya başvururlar, suda lüzumsuz hərəkətlərə yol verirlər. Ancaq bütün bunlar təhlükəsizlik baxımından yolverilməzdir".
Mütəxəssis vurğulayıb ki, dünyada çimərlikdə boğulma hallarının 70 faizdən çoxu əlverişsiz hava şəraitin payına düşür:
"Əlverişsiz hava şəraiti deyəndə günün qaranlıq vaxtından tutmuş, küləkli havaya qədər nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, küləyin sürəti saniyədə 10-12 metri keçərsə, çimərliyə getmək olmaz.
Hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Yəni onun da 98 faizi məhz qeyri-çimərlik sahələrində olan boğulma hallardır. Qeyri-çimərlik sahələri deyəndə çimmək üçün olmayan yerlər nəzərdə tutulur. Buraya çaylar, göllər, arxlar və su kanalları aiddir".
Elmar Nurəliyev diqqətə çatdırıb ki, mütləq şəkildə fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır:
"Çünki fəaliyyətinə icazə verilən çimərliklərdə xilasetmə xidməti olur. Üstəlik, onlarda çimərlik mövsümü başlamadan əvvəl aidiyyəti qurumlar tərəfindən sualtı baxış keçirilir, suyun dibinin akvatoriyasından tutmuş, suyun dibinin reliefinə qədər sualtı axınlar, yarğanlar, suyun fiziki, kimyəvi, bioloji və sanitar normaları öyrənilir.
İnsanların sağlamlığı üçün təhlükə riski yoxdursa, ondan sonra çimərliyin fəaliyyətinə icazə verilir. Belə çimərliklərdə təhlükə riski minimumdur. Lakin fəaliyyətinə icazə verilməyən çimərliklər çox təhlükəli ola bilər".
Ekspert sözlərini belə yekunlaşdırıb:
"Fəvqadə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidməti tərəfindən də xilasetmə xidməti təşkil olunur. Onların statistikasında nəzarət olunan çimərliklərdə bir nəfər belə boğulmayıb. Bu da bir daha onu deməyə əsas verir ki, xilasetmə xidməti olan yerdə çimmək daha təhlükəsizdir".
Pərviz