Sevgi qısqanclığı davaya çevrildi: Vəzifəli qadını döyən şəxsə hökm oxundu

HADİSƏ
23:33 / 31.07.2025
57

Oğuz rayonunda qadınlar arasında şəxsi münasibətlər zəminində baş vermiş insident məhkəməlik olub.

Qaynarinfo-nun məlumatına görə, Günay Bədəlova (soyad şərti) iki ilə yaxın münasibətdə olduğu O.V.-nin Fidan adlı qadınla yazışmalarını görüb. O, O.V. ilə əlaqəsi olduğunu düşündüyü Fidanla görüşmək qərarına gəlib.

Araşdırmaları nəticəsində Fidanın dövlət qurumlarının birində işlədiyini öyrənən Günay həmin idarəyə gedərək qadını şəxsi söhbət adı ilə çölə çağırıb. Fidan iş vaxtı olduğunu bildirərək çölə çıxmaqdan imtina edib. Günay isə saat 18:00-a qədər gözləyib və qadın işdən çıxarkən onunla danışmağa çalışıb.

Görüş zamanı Günay Fidanın Orxanla olan yazışmalarını göstərməsini tələb edib. Fidan bu tələbdən imtina etdikdə, Günay onun saçından tutaraq dartıb, yerə yıxıb və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Ətrafdakı şəxslərin müdaxiləsindən sonra hadisə ilə bağlı polisə məlumat verilib.

Zərərçəkmişin hər iki dirsək oynağında sıyrıqlar və sağ said nahiyəsində qançır müşahidə olunub. Hadisə ilə bağlı Günay Bədəlova barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə qərarına əsasən, onun 17 gün həbsdə saxlanılması nəzərə alınaraq, təqsirləndirilən şəxsə 1000 manat cərimə cəzası verilib.

0