İlin sonunadək 3.5-5 maqnitudada zəlzələlər ola bilər - AÇIQLAMA

HADİSƏ
11:15 / 04.09.2025
45

Son aylarda zəlzələlərin sayında və gücündə müəyyən artım müşahidə olunur, bu isə seysmik aktivliyin dünya miqyasında intensivləşdiyini göstərir. Xüsusilə Asiya regionunda, o cümlədən qonşu ölkələrdə baş verən güclü zəlzələlər, bu tendensiyanın davam edəcəyinə işarə edir. Azərbaycanın isə seysmik baxımdan özünəməxsus xüsusiyyətləri var və ölkəmizdə zəlzələlərin təbiəti, eləcə də risklərinin diqqətlə öyrənildiyi nəzərə çarpır.

Modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitunun şöbə müdiri Qulam Babayev son illərdə zəlzələlərin sayının, eləcə də onun güclü və dağıdıcı təsirinin artdığını təsdiqləyib:

"2023-cü ildə Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı müsahibələrimdə qeyd etmişdim ki, dünya miqyasında seysmik və tektonik aktivlik intensivləşməkdədir. Həmçinin o vaxtdan etibarən bu prosesin davam edəcəyini də vurğulamışdım. Yer kürəsi ümumiyyətlə sakitləşmir və bu aktivlik gələcəkdə də davam edəcək.

Məsələn, Əfqanıstanda baş vermiş güclü zəlzələ göstərir ki, həmin bölgə yenidən silkələnəcək. Özbəkistan, Tacikistan, Qırğızıstan, Çin və bir neçə gün əvvəl Monqolustanda baş verən zəlzələlər də seysmik aktivliyin artdığını təsdiqləyir. Monqolustanda zəlzələ hadisələri əvvəlcə nadir hallarda qeydə alınırdı, indi isə intensivlik artıb. Bu, seysmoloji bölgələrin aktivliyinin yüksəldiyini göstərir və belə davam edəcək”.

Seysmoloqun sözlərinə görə, Asiya ölkələri zəlzələ riskinə məruz qalacaq:

“Çünki bu proses qaçılmazdır. Pakistanda da belə zəlzələlərin baş verməsi ehtimalı var. Qonşu seysmik ocaqların sabit qalması mümkün deyil - bu, fizikanın qanunlarına ziddir”.

O eyni zamanda əlavə edib ki, Azərbaycana gəldikdə isə, ölkəmizdə dağıdıcı və güclü zəlzələ nadir hallarda baş verir.

“Bunun səbəbi dərinlikdəki geodinamik və tektonik aktivliyin intensiv olmamasıdır. Məsələn, Sakit Okean, Əfqanıstan, İtaliya, Yunanıstan, Türkiyə və Rusiyanın Kamçatka bölgələri ilə müqayisədə Azərbaycanda seysmik aktivlik mövcud olsa da, intensivlik daha azdır. Lakin qonşu regionlar aktivdirsə, Azərbaycanın da tamamilə sabit qalması mümkün deyil”.

Q.Babayev həmçinin bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində də müəyyən dərəcədə seysmik aktivlik müşahidə olunur:
Ətraflı

“Aran bölgəsində, xüsusilə Kür çökəkliyi ətrafında, Hacıqabul, Ucar, Ağsu istiqamətində seysmik silkələnmələr baş verib. Böyük Qafqazın Cənub-Şərq yamacı ilə Kür çökəkliyinin sərhədi, Şamaxı, İsmayıllı və digər ərazilər seysmik baxımdan aktiv sayılır.

Ümumiyyətlə, Azərbaycan seysmik ocaqlarla zəngindir: Quba, Şabran, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Zaqatala, Kiçik Qafqazın şimal yamacı, Gəncə, Şəmkir, Mingəçevir, Qarabağ zonası (Şuşa, Kəlbəcər), Naxçıvan, Talış və Xəzər dənizinin bəzi hissələri aktiv seysmik zonalardandır”.

Seysmoloq onu da diqqətə çatdırıb ki, Azərbaycanda seysmik vəziyyət öz normal fonundadır:

“Hiss olunan zəlzələlər istisna deyil və ilin axırınadək 3.5-5 maqnituda arasında olan zəlzələlər baş verə bilər. Məsələn, Əfqanıstanda baş vermiş zəlzələ dağıdıcı təsir göstərmişdi, çünki o, səthə yaxın idi və yüksək maqnituda daşıyırdı. Bu səbəbdən zəlzələ güclü oldu.

3.5 maqnituda zəlzələ səthə yaxın olduqda, intensivliyi yüksək olur və hiss olunur. Silkələnmələr ani baş verir, lakin panikaya düşmək lazım deyil”.

O eyni zamanda söyləyib ki, ölkəmizdə seysmik fon davamlı olaraq izlənilir və inkişaf edir:

“Biz daima hesablamalar aparır,geniş  tədqiqatlar keçiririk. Hər bölgənin seysmik zonaları ayrı-ayrılıqda öyrənilir. Seysmik risk yalnız zəlzələnin gücü ilə deyil, həm də əhalinin sıxlığı, binaların tipi və konstruksiyası kimi faktorlarla da müəyyən olunur.

Seysmologiyada zəlzələ proqnozları isə əsasən üç hissəyə bölünür: uzunmüddətli, orta müddətli və qısamüddətli. Müasir texnologiyalar sayəsində artıq dördüncü növ, yəni “smarttipli” proqnozlar da mövcuddur”.

Sonda o əlavə edib ki, süni intellektin tətbiqi ilə seysmik alətlərdə yeni alqoritmlər istifadə edilir və bəzi hallarda zəlzələdən 5-6 saniyə əvvəl xəbərdarlıq verilə bilir:

“Lakin qısamüddətli proqnozlarda zəlzələnin gücü, yeri və dərinliyi barədə dəqiq məlumat vermək hələ mümkün deyil. Orta və uzunmüddətli proqnozlar isə statistik, riyazi metodlar və süni intellekt alqoritmləri əsasında hazırlanır”,- deyə Q.Babayev bildirib.

0