Dələduzluq edən şəxslər saxlanıldı

HADİSƏ
14:00 / 25.10.2025
46

Şirvanda dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə beş nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

Bildirilib ki, adıçəkilən şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlara yüksək məvacibli yaxşı işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə vədlər verdiyi və ümumilikdə 15400 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, F.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Polis həmçinin sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlayıb. Bildirilib ki, keçirilən əməliyyat tədbirlərilə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

0