Tovuzda 60 yaşlı kişi niyə döyülüb? - Həmkəndlilərin mübahisəsi dava ilə bitdi

HADİSƏ
17:51 / 30.10.2025
68

Tovuz sakini döyülərək xəstəxanalıq olub. Rayonun Aşağı Quşçu kənd sakini Etibar Qasımov həmkəndliləri tərəfindən döyüldüyünü iddia edir.

Zərərçəkənin sözlərinə görə, onun icarəyə götürdüyü sahədə başqa şəxslər icazəsiz heyvan otarıblar.

Əraziyə gələn Etibar Qasımov çobandan heyvanların kimə məxsus olduğunu soruşub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

60 yaşlı Etibar Qasımov deyir ki, o, bir neçə şəxs tərəfindən döyülüb.

Zərərçəkən həmçinin iddia edir ki, o, döyüldükdən sonra ərazidən heyvan oğurluğunda ittiham edilib. Onu polisə verəcəkləri ilə də hədələyiblər.

TƏBİB-dən bildirilib ki, adıçəkilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Rayon sakininin döyülməsi insidentində adı çəkilən Samir Məmmədov isə bildirib ki, sözügedən yonca sahəsi Etibar Qasımova məxsus deyil. Onun sözlərinə görə, səsləndirilən iddialar əsassızdır və buna dair əlində sübutları da var.

"Gedəndə gördüm ki, qoyunlardan birinin ayaqlarını bağlayıb, kənara qoyub. Digərini də oğurlayanda, itlər onu qorxudub. Məsələni aydınlaşdırmaq istəyəndə isə mənə problem yaratmağa başladı", - deyə o söyləyib.

Samir Məmmədov həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırdığını əlavə edib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, məsələ ilə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı Baku Tv-nin videomaterialında:

0