Maştağada 75 yaşlı fəlsəfə müəlliminin qatili bir kəlməyə görə bıçağa əl atdığını dedi – TƏFƏRRÜAT

HADİSƏ
13:58 / 07.11.2025
50

Bakının Sabunçu rayonunda fəlsəfə ixtisası üzrə müəllim işləmiş 75 yaşlı qadını öldürməkdə ittiham olunan Süleyman Cəbiyevin törətdiyi əməlin detalları məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əsgərxanovanın əmlakını ələ keçirmək məqsədi ilə onu öldürmək qərarına gəlib.

Bu il iyunun 28-də saat 13:30-da o, Jalənin Maştağa qəsəbəsindəki evinə gəlib, hasardan tullanaraq həyətə keçib. Evin qonaq otağının qarşısında Jalə Əsgərxanovanın boğazından tutaraq yerə yıxıb, yumruqla alın nahiyəsindən bir zərbə vurub.

Daha sonra mətbəxdən götürdüyü bıçaqla Jalə Əsgərxanovanın boyun nahiyəsinə ardıcıl çoxsaylı zərbələr endirib. Qadını öldürdükdən sonra 450 manatını ələ keçirib.

“Məqsədim quldurluq deyildi”

İstintaq orqanı tərəfindən S. Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuluqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, bu il iyun ayının ortalarında qonşusu Jalə onun ünvanına nalayiq ifadələr işlədib:

“Bunun üçün iyunun 28-də saat 13:30-da onun yaşadığı evə getdim. Biz rastlaşanda Jalə üzr istəmək əvəzinə yenidən ünvanıma ağır söyüşlər işlətdi. Məni söyüb təhqir etdiyi üçün özümdən çıxdım. Mətbəxdən götürdüyüm bıçaqla onu vurdum. Qadını vuranda özümdə olmamışam. Onun evinə əmlakını ələ keçirmək, quldurluq etmək məqsədilə girməmişdim”.

“Göyərti satışı ilə məşğuluq”

Təqsirləndirilən şəxsin sözlərinə görə, ünvanına söyüşlər işlətdiyi üçün əsəbləşərək bu hadisəni törədib:

“Atam Mehdi, anam Nazilə ilə birlikdə yaşayıram. Biz ailədə iki uşaq olmuşuq, bacım ailəlidir, ailəsi ilə birlikdə ayrı yaşayır. Atam və anam heç bir yerdə işləmirlər, göyərti satışı ilə məşğul olaraq ailəmizi saxlayırıq. İkisi də şəkərli diabet xəstəliyindən əziyyət çəkir.

Orta təhsilimi 9-cu sinfə qədər Maştağa qəsəbəsində yerləşən 11 saylı Xüsusi İnternat Məktəbində almışam. Sonra təhsilimi yarımçıq saxlayaraq aşpazlıq sənətini öyrənmək üçün peşə məktəbinə getmişəm. 2013-cü ildə hərbi xidmətə yollanmışam.

Bakı şəhərində yerləşən bir neçə şadlıq evində kababçı işləyəmişəm. Sonradan valideynlərim xəstələndikləri üçün məcbur qalaraq işdən çıxmışam”.

“Əsəblərimi sakitləşdirmək üçün marixuana çəkmişəm”

S. Cəbiyev bildirib ki, 2020-ci ildə maddi vəziyyətləri yaxşı olmadığına görə onlarla qonşuluqda yaşayan Elsevər adlı şəxsin evindən oğurluq etdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub: “Valideynlərim oğurladığım qızıl-zinət əşyalarını və 600 manat pulu ev sahibinə geri qaytardıqları üçün Elsevər şikayətçi olmadı və Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olundum.

Mənim bu hadisədən başqa bir cinayətim olmayıb. Qonşuluqda yaşayanlarla da daim xoş münasibət saxlamışam”.

Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin mart ayından iyun ayına qədər evlərinin yaxınlığında yerləşən “Araz supermarket”də satıcı işləyib: “Əməkhaqqı məni qane etmədiyi üçün öz ərizəmlə işdən azad olundum. Siqaret çəkib, arabir spirtli içki qəbul etmişəm. Bəzən isə əsəblərimi sakitləşdirməkdən ötrü marixuana çəkmişəm. Bu illər ərzində heç kimlə düşmənçiliyim, ədavətim olmayıb.

Jalə və onun qardaşı Calalı məhlədə yaşayan şəxslər kimi tanımışam. Heç kimlə işləri olmayan insanlar olublar”.

“Əxlaqsızlığının şahidi olmamışam”

S. Cəbiyevin ifadəsinə görə, 2025-ci ilin yanvar ayında Calal rəhmətə gedəndən sonra Jalə həmin evdə tək yaşamağa başlayıb: “Qonşu olduğumuz müddətdə Jalənin heç bir pis hərəkətinin, əxlaqsızlığının şahidi olmamışam.

Təxminən bu ilin iyun ayının ortalarında həyətə asfalt örtüyü çəkilməyə başlandı. Məhlədə iş görən ustalarla söhbət edən zaman Jalə ustalardan xahiş etdi ki, asfalt örtüyünü yaşadığı evin həyət qapısına qədər çəksinlər. Həmin vaxtı özüm də ustalardan xahiş etdim ki, qonşunun istəyini yerinə yetirsinlər.

Hətta ustalardan kimsə Jalədən bir stəkan su istədi. Jalə su verməkdən imtina etdiyi üçün özüm marketə gedərək ustalara su aldım. Bu zaman Jalə məni yanına çağırdı və qəflətən gözləmədiyim halda “sən şərəfsizsən” deyə məni təhqir etdi. Onun bu sözünü eşidəndə çox təccübləndim. Çünki bu vaxta qədər onunla aramızda heç bir inciklik, ədavət olmayıb.

Jalədən hansı səbəbə ünvanıma belə bir ifadə işlətməsini soruşdum. O, cavab verməyərək məni yenidən şərəfsiz adlandırdı, getməyimi tələb etdi.

Ustalar onun sözlərinin şahidi olduqları üçün çox pərt oldum və əlimlə Jaləyə barmaq göstərərək onunla bu barədə danışacağımı dedim. Evə gələndən sonra Jalənin bu sözlərini heç cür qəbul edə bilmədim. Buna görə də onu axtarmağa başladım. Bir neçə gün ərzində Jaləni küçədə görmədiyim üçün məcbur qalaraq evinə getmək qərarına gəldim”.

“Var-yox söyüşü işlətdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 28-də saat 11-ə qədər yaşadığı evdə olduqdan sonra anası ona bazarlıq etməyi tapşırıb: “Səhv etmirəmsə mənə pul da verdi. Qonşuluqda taksi fəaliyyəti ilə məşğul olan Elçinə zəng vurdum. Xahiş etdim ki, məhlənin girişdə olan kafenin qarşısına gələrək məni götürsün, Maştağanın mərkəzindən bazarlıq edim.

Elçinlə bazardan evə kartof, soğan, tərəvəz aldım. Təxminən bir saat sonra yenidən kafenin qarşısına gəldik. Mən maşından düşdükdən sonra Elçin getdi, aldıqlarımı kafeyə qoydum. Məhlədə sakitçilik olduğunu gördüm və Jalə ilə söhbət etməkdən ötrü onun yaşadığı evə getmək qərarına gəldim.

Jalənin evində əvvəllər olmamışam. Qapısını döyəcəyim halda açmayacağını bildiyim üçün saat 13:30-da həmin evin sağ tərəfində yerləşən boş torpaq sahəsindən hasara dırmaşaraq həyətə düşdüm. Pilləkənlə qalxaraq setka qapını açıb içəri daxil oldum.

Jalə qonaq otağının sağ tərəfindən yerləşən digər otaqdan mənə tərəf gəlirdi. Əvvəlcə məni görməsə də, otağa daxil olanda qəflətən qapının sağında rastlaşdıq. Əlimdə heç bir alət yox idi. Səhv etmirəmsə, onun əynində çəhrayı rəngli şalvar və açıq rəngli kofta vardı.

Məni görən kimi tanıdı və həyəcanlı şəkildə “sən burda neynirsən” deyə bildirdi. Bir neçə gün əvvəl məni ustaların yanında “şərəfsiz” adlandıraraq təhqir etdiyini xatırlatdım. Jalə var-yox söyüşü işlədərək məni yenidən təhqir etdi. Bu söyüşü eşidəndəəsəbləşdim və Jalənin boğaz nahiyəsindən tutub sıxdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Jalə ona müqavimət göstib və sifət nahiyəsindən bir şillə vurub: “Bir daha ünvanıma söyüşlər işlətdi, ondan əl çəkməyimi tələb etdi. Onu yataq otağının giriş qapısını qarşısına doğru itələdim və yerə yıxdım. Təhqirlərinin səbəbini soruşdum və arxası üstə uzanıqlı vəziyyətdə onun boğaz nahiyəsindən tutaraq sıxdım. “Əcəb etmişəm” deyə bildirdiyi üçün yumruğumıa gicgah nahiyəsindən bir zərbə vurdum”.

S. Cəbiyev deyib ki, daha sonra qadının səsinin kəsilməsi üçün boğazından bir dəfə möhkəm sıxıb: “Bundan sonra getmək istədim. Amma Jalə yenə də mənim və ailə üzvlərimin ünvanına nalayiq söyüşlər işlətdiyi üçün əsəbləşdim və onu öldürmək qərarına gəldim. Buna görə də mətbəxdən bıçaq götürdüm və sağ əlimin içində gizlədərək Jaləyə tərəf gəldim.

Dediyim kimi, hadisə baş verən zaman çox əsəbi olmuşam. Ona doğru dəqiq olaraq neçə zərbə yetirməyimi xatırlamıram”.

“Törətdiyim əməli etiraf etdim”

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, daha sonra mətbəx otağına keçib: “Bıçağı və əllərimi yuduqdan sonra bıçağı mətbəxdə olan şkafın rəfinə ataraq qonaq otağına tərəf keçdim. Giriş qapısının sağ tərəfində divara bərkidilmiş asılqandan qadın çantasının asıldığını gördüm. Çantanın içində 450 manat pul vardı.

Pulu götürdüm, sonra isə qonaq otağında işlək vəziyyətdə olan televizoru pultla söndürdüm. Ətrafa baxanda jurnal stolunun üzərindəki “Nokia” markalı telefonu gördüm və əvvəlcə onu söndürmək istədim. Lakin bacarmadığım üçün telefonu da özümlə götürdüm. Evin giriş qapısını üzərində olan açarla bağlayaraq evin həyətinə çıxdım.

İz itirmək məqsədi ilə telefonu qırdım və həyətin arxa tərəfində yerləşən hissəsinə keçdim. Telefonu orada olan tualetdə unitaza atdım, üstünü otla örtdüm.

Sonra isə kafeyə qayıdaraq aldığım tərəvəzləri götürdüm və evə gəldim. Nə həmin gün, nə də sonrakı günlərdə Jaləni öldürməyi barədə heç kimə məlumat vermədim. Bir neçə gündən sonra Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları məni bölməyə dəvət etdilər. Əvvəlcə boyuna almasam da, sonradan törətdiyim əməli könüllü etiraf etdim”.

“Bibimin heç kimlə ədavəti olmayıb”

İş üzrə zərərçəkmiş Jalənin hüquqi varisi qismində ifadə verən qardaşı oğlu Nicat Əsgərxanovun sözlərinə görə, atası Calalla anası Tatyana onlar hələ uşaq olan vaxtı boşanıb: “Bundan sonra atam Calal bacısı Jalə ilə birlikdə yaşamağa başladı.

Atamgil boşanandan sonra mən də atamın himayəsində qaldım. Bibim Jalə ali təhsilli idi, əvvəllər Tibb Texnikumunda fəlsəfə ixtisası üzrə dərs deyib, sonradan təqaüdə çıxıb. Bildiyimə görə, əvvəllər bir nəfərlə ailəli olub. Lakin bir il sonra boşanıblar, daha ailə qurmayıb.

Atamla yaşadığım üçün demək olar ki, məni bibim böyüdüb, tərbiyəmlə o özü məşğul olub. Atamla bibimin münasibəti daim yaxşı olub.

Bibim xasiyyətcə çox mülayim, sakit, heç kimlə işi olmayan, dəqiqliyi sevən, bir qədər çox danışan insan idi. Daim bədii kitablar oxuyur, dünya mədəniyyəti ilə maraqlanır, özünə qulluq etməyi çox sevir, daim baxımlı qalmağa çalışırdı. Bu illər ərzində heç kimlə mübahisəsi, ədavəti olmayıb. Maddi vəziyyətləri normal olub, aldıqları məvacib onlara bəs edib”.

“Bibimin şəxsi həyatından xəbərsizəm”

Nicat Əsgərxanov qeyd edib ki, bu ilin yanvarın 19-da atası Calal xəstəlikdən rəhmətə getdikdən sonra bibisi həmin evdə tək yaşamağa başlayıb: “Bu müddətdə bibimlə yalnız telefonla əlaqə saxlayaraq hal-əhval tutmuşam. Sonuncu dəfə onu mayın 14-də görmüşəm.

Bibimin şəxsi həyatından xəbərsizəm. Heç vaxt bu barədə söhbət etməmişik. Bildiyimə görə, Bilgəh qəsəbəsində yaşayan Kazım adlı bir dostu olub.

Bibimin 75 yaşı olmasına baxmayaraq çox cavan görsənirdi, səhhətindən də heç bir şikayəti yox idi”.

Qeyd edək ki, bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılır.


 

0