Gəncə şəhərində 1984-cü il təvəllüdlü Azər Mövsümov 2005-ci il təvəllüdlü Həsən Novruzovu qətlə yetirməkdə ittiham edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, 19 sentyabr 2022-ci ildə saat 23 radələrində Azər yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində “Rəvan” adlı kafenin qarşısında tanışı Həsən Novruzovun atası Vidadi Novruzovla mübahisə edib.
Mübahisə zamanı Vidadinin özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsindənm hiddətlənib. Üzərində gəzdirdiyi bıçaqla mübahisəyə qoşulan Həsəni vurub.
Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına çatdırılan Həsənə həkimlərin tibbi müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
“Ailəsi onu atıb”
Cinayət işi üzrə ifadə verən Azər ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, əvvəllər sürücü işləyib: “Vidadini uşaq vaxtından tanıyıram. Bizim binanın qarşısında yaşayıb.
Əvvəllər aramızda hər hansı narazılıq, ədavət və düşmənçilik olmayıb. O, spirtli içkilərə meylli insandı, həddindən artıq içir. İçkili oanda özünü idarə bilmir, əsassız mübahisələr yaradır. Bir neçə dəfə qolundan tutub yaşadığı evə aparmışam. Ailəsi onu ataraq gediblər. Aradabir oğlu Həsən gəlib ona baş çəkirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 19-da saat 22 radələrində yaşadığı evin yaxınlığında parkda tək oturub: “Dostum və adaşım Azərə zəng etdim, harada olduğunu soruşdum. “Babək avtoservis”in qabağında kafedə tanışları ilə çörək yediyini bildirdi, məni də ora dəvət etdi.
Azərin dediyi kafeyə getdim. O, tanışları Şahin, Nizami və tanımadığım bir nəfər oturmuşdu. Yemək yeyir, içki içirdilər. Azər mənə də içki təklif etdi. Onlarla yüz qram araq, təxminən 3-4 bakal pivə içdim.
Saat 23 radələrində qonşuluğumuzda yaşayan Vidadi kafeyə gəldi. Hərəkətlərindən içkili olduğunu hiss etdim. Ayaq üstə dayanmağına baxmayaraq özünü saxlaya bilmirdi. Təxminən 10-15 dəqiqə sonra içəridən səs-küy səsləri eşitdim. Həmin vaxt kafenin qarşısında dayanmışdım”.
“Məni ağır söyüşlərlə təhqir etdi”
Azər Mövsümovun ifadəsinə görə, kimisə ağır söyüşlərlə təhqir edən Vidadi kafenin içərisindən çıxıb: "Yanıma gəldikdə aya qüstə dayana bilmədiyini gördüm. Qolundan tutaraq yaşadığı evə aparmağımı təklif etdim. Əlindən tutdum, amma o, əlini aşağı saldı. Məni tanımadığını, heç tanımaq istəmədiyini bildirdi və ağır söyüşlərlə məni təhqir etdi. Ardınca sağ gözümün altından yumruqla vurdu.
Səhər onunla söhbət edəcəyimi söylədim, onu özümdən kənarlaşdırmaq üçün itələdim. Vidadi heç nə deməyib getdi. Mən də Azərgilin yanına qayıtdım”.
Azərin ifadəsinə görə, təxminən kafedə 5-10 dəqiqə sonra Azərgilə yaxınlıqdakı çayçıda dostları ilə çay içib, domino oynamağa gedəcəyəni bildirib, onlarla sağollaşıb:
“Kafeyə yaxın məsafədə olan çayxanada Vidadinin mənim və ailəmin ünvanına ağır söyüşlər işlətdiyini eşitdim. Özünün və oğlu Həsənin qardaşım Xəyalı itələyərək təklədiklərini gördüm. Çayxanadan qaçaraq kafenin qabağına gəldim, üzərimdə olan bıçağı çıxararaq Vidadinin üzərinə getdim. Bıçaqla Vidadinin sol qol nahiyəsinə zərbələr vurdum. Vidadi yerə yıxıldı.
Həsən anidən üzərimə gəldiyi üçün bıçağı onun istiqamətinə bir neçə dəfə fırladım, bıçaq zərbəsi ona dəydi. Məqsədim bıçaqla onları qorxuzub, özümdən uzaqlaşdırmaq idi.
Həsəni məndən aralayaraq taksiyə əyləşdirərək xəstəxanaya apardılar.
Qayınanamgildə olan arvadım İradənin yanına getdim. Arvadımla sağollaşdım, yatılı vəziyyətdə olan uşaqlarımın üzündən öpdüm. Amma onlara hadisə ilə bağlı heç nə demədim. Polis şöbəsinə gedib baş vermiş hadisəni olduğu kimi danışdım”.
“Bıçağı oğlumun ürəyindən vurdu”
İş üzrə zərərçəkmiş Vidadi Həsənovun sözlərinə görə, tullantı əşyaları yığaraq satmaqla məşğuldur: “Mənim və oğlum Həsənin Azərlə heç bir ədavətlərimiz olmayıb.
Sentyabrın 19-da saat təxminən 22 radələrində yaşadığım evinin yaxınlığında “Babək avtoservis”in yanında kafeyə getdim. Bir nəfər yaxınlaşaraq “sən əvvəllər bizim binaya gəlib heç kimdən qorxmadığını deyirdin” söylədi. Ona "məndən əl çək" dedim. Kafedə səs-küy yarandığı üçün bizi çölə çıxardılar. Kafenin qabağında Azər üzərimə gəldi və mənə bir yumruq vurmaq istədi. Sonra bel nahiyəsindən bıçaq çıxardı. Geriyə çəkildim və oradan uzaqlaşdım.
Evimə tərəf gedərkən oğlum Həsən yanıma gəldi, kimlə mübahisə etdiyimi soruşdu. Azərlə söhbət etmək üçün birlikdə çayxanaya tərəf getdik. Azəri çayxanada görməyəndə qardaşı Xəyal üzərimə gələrək bizə yumruq zərbələri vurmaq istədi.
Bu vaxt Xəyalın qardaşı Azər əlində bıçaqqışqıra-qışqıra gəldi. “Siz mənim qardaşımı təkləmisiniz?” deyərək əvvəlcə mənim qoluma bıçaq vurdu. Sonra Həsənin ürək nahiyəsinə zərbə endirdi.
Xəyal mənimlə birlikdə Həsəni taksiyə mindirərək Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına apardıq. Oğlum xəstəxanada öldü”.
Cəza 17 ildən 13 ilə endirildi
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Azər Mövsümov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Azər Mösümovun Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittiham sübuta yetirilməyib və həmin maddələrlə ona bəraət verilib.
Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinməsini, ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmasını istəyib.
Eyni tələblə zərərçəkmiş Həsən Novruzovun hüquqi varisi də çıxış edib. Təqsirləndirilən şəxsin vəkili də hökmdən narazı qalıb. O, müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayətlər təmin olunmayıb.
Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət qismən təmin edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilib.
Azər Mövsümovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və onun cəzası 13 ilə endirilib.


