Bacısının ölümünə səbəb olan sürücü digər bacısının yasından qayıdırmış

HADİSƏ
17:37 / 11.12.2025
84

İdarə etdiyi “VAZ 2121” markalı avtomobillə paytaxt Bakıdan - bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğuna görə yolda qalan həmkəndliləri ilə rastlaşıb. O, kömək məqsədilə həmkəndlilərinə yaxınlaşanda dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsindən HİT.az-a bildirilib ki, ilk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə saxlanılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq əyləc sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır.

“Bir ailənin faciəsi ilə nəticələnən həmin yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırırıq. Unutmayaq ki, sürücünün etinasız yanaşdığı ən xırda məqam, təhlükə anında böyük risklər yarada bilir”- deyə məlumatda vurğulanıb.

0