Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Raul Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
HİT.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Quliyevə doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, R.Quliyev 2025-ci il martın 2-də səhər saatlarında zərərçəkmiş şəxs Elməddin Cəfərovla mübahisə edib. E.Cəfərov onu yumruqla vurub. R.Quliyev bunu ləyaqətini alçaldan və nüfuzuna xələl gətirən hərəkət kimi qiymətləndirib, qisas almaq məqsədilə Elməddini öldürmək qərarına gəlib.
Məlumata görə, həmin gün saat 12:45-də Raul idarə etdiyi "Lada Priora" markalı avtomobillə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən çayxananın qarşısına gəlib. Avtomobildə olduğu zaman Elməddini görən Raul özünə məxsus ov tüfəngindən iki dəfə atəş açıb və Raulu qarnından yaralayıb.
Hadisə zamanı yaxınlıqda olan şəxslərin və polis əməkdaşının müdaxiləsi nəticəsində Raulun silahdan yenidən istifadə etməsinin qarşısı alınıb.
Məhkəmədə ifadə verən Raul Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri üzrə özünə qarşı irəli sürülmüş ittihamı qəbul etməyib. O bildirib ki, zərərçəkmiş şəxslə əvvəlcədən mübahisəsi olmayıb və hadisə zamanı onu öldürmək niyyəti güdməyib. Təqsirləndirilən şəxs ifadəsində atəşi qorxutmaq məqsədilə açdığını, silahın texniki xüsusiyyətlərinə görə, bir tətik basmaqla iki atəş açıldığını iddia edib.


