Bakıda alzheimer xəstəliyindən əziyyət çəkən 85 yaşlı qadın dayə tərəfindən döyülüb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
1968-ci il təvəllüdlü Sabirabad rayon sakini Nuranə Ağayevanın dayə kimi çalışdığı mənzildə Elmira Həsənovanı döyməsi mənzilə quraşdırılmış müşahidə kameraları tərəfindən aşkarlanıb.
Belə ki, yaşlı qadının oğlu kameraya baxanda dayənin anasına “niyə yıxıldın?” deyərək acıqlanaraq vurduğunu, daha sonra yerdə sürüdüyünü görüb.
Maraqlıdır ki, daha öncə də xəstə qadın oğluna dayə tərəfindən döyüldüyünü desə də, övladı buna inanmayıb. O, anasına inanmamasının səbəbini yaşlı qadının yaddaşla bağlı ciddi problem yaşaması ilə əlaqələndirib.
Lakin Elmiranın oğlu görüntülərə baxanda Nuranənin anasına “Az, səni kim qaldıracaq?” deyərək hər iki əli ilə kürək nahiyəsinin boşluq hissəsindən əli ilə vurub onu pəncəyərə doğru itələdiyini, yerdə oturanda başından vurduğunu görüb.
Bundan sonra Nuranə Ağayevanın əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Nuranə Ağayeva cinayət əməlinə görə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yaşlı qadın oğlu ilə eyni binada, amma fərqli mənzillərdə yaşayıb. Övladları işləri ilə əlaqədar Elmira Həsənovaya zaman ayıra bilmədikləri üçün 800 manat maaş müqabilində Nuranə Ağayevanı xəstə baxıcısı kimi işə götürüblər.


