Paytaxtda ilk: “ağıllı işıqforlar” gəlir - Qəzalar azalacaq?

HADİSƏ
10:57 / 21.12.2025
45

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı işıqforlar” (adaptiv) quraşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start veriblər. İlkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada svetoforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə svetoforlar sınaq müddətində işə salınıb.

Adaptiv işıqforların ənənəvi svetoforlardan fərqi nədir?

“Ağıllı svetoforlar” yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə işıqforun yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi svetoforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır.

Yeni sistem nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında necə reaksiya verəcək?

Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar bu artımı nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır.

Adaptiv işıqforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik baxımından daha faydalı olacaq. Yəni yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda svetoforların yaşıl işığı daimi yanmaqla, vaxt itkisinin qarşısı alınmış olacaq.

Pilot layihənin ilkin tətbiq edildiyi yollarda nəqliyyat sıxlığının neçə faizə qədər azalması gözlənilir?

Xarici təcrübəyə əsasən, adaptiv sistemlərin tətbiqi nəqliyyat sıxlığını 15-30 faiz azaldır.

Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq “ağıllı svetoforlar”ın digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur.

Bəs “ağıllı işıqoforlar”ın qəzalın sayına ciddi təsiri gözlənilirmi? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov  “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, “ağıllı svetoforlar” şəhər nəqliyyatının real vaxt rejimində idarə olunmasını təmin edən müasir və yüksək texnoloji sistemlərdir:

“Bu sistemləri adi, ənənəvi svetoforlardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, ağıllı svetoforlar mövcud vəziyyətə uyğun olaraq qərar qəbul edir. Yəni onlar sabit vaxt intervalına əsasən deyil, yol hərəkətinin intensivliyinə, nəqliyyat axınına və real situasiyaya uyğun şəkildə fəaliyyət göstərir.

Bir neçə il əvvəl Bakı şəhərində sınaq məqsədilə ağıllı svetofor sistemlərindən biri quraşdırılmışdı və aparılan müşahidələr göstərdi ki, bu sistem kifayət qədər effektiv nəticə verir. Məhz bu müsbət nəticələrdən sonra belə bir qərara gəlinib ki, Bakı şəhərində nəqliyyat axınının və yol sıxlığının idarə olunması baxımından ağıllı işıqforlar ən ideal və səmərəli variantlardan biridir. Bunun əsas səbəbi isə ağıllı svetofor sistemlərində müxtəlif və müasir texnologiyalardan geniş şəkildə istifadə olunmasıdır.

Bu işıqforlarda xüsusi kameralar quraşdırılır, avtomobillərin sayı və hərəkət intensivliyi ölçülür. Eyni zamanda, sistemdə mövcud olan xüsusi sensorlar vasitəsilə nəqliyyat vasitələrinin hərəkəti və dayanması müşahidə edilir, analiz olunur və qiymətləndirilir. Zərurət yarandıqda GPS və mobil data məlumatlarından da istifadə edilir. Bundan əlavə, ağıllı svetoforlar avtobuslar və digər operativ nəqliyyat vasitələrini - təcili yardım avtomobillərini, polis maşınlarını, yanğınsöndürənləri tanımaq imkanına malikdir. Bu isə fövqəladə hallarda həmin nəqliyyat vasitələrinin daha sürətli və maneəsiz hərəkətini təmin etməyə şərait yaradır.

Sistem həmçinin süni intellekt alqoritmləri ilə tənzimlənir. Bu alqoritmlər vasitəsilə hansı istiqamətdə nəqliyyat sıxlığının daha çox olduğu müəyyən edilir və məhz həmin istiqamətə yaşıl işıq daha uzun müddət yönəldilir. Beləliklə, ağıllı svetoforlar dinamik, çevik və adaptiv şəkildə işləyən bir idarəetmə mexanizmi yaradır".

Eldəniz Cəfərov vurğulayıb ki, bu sistemin üstün cəhətləri kifayət qədər çoxdur:

“Aparılan hesablamalara görə, ağıllı işıqforlar tıxacların azalmasına, sürücülərin gözləmə vaxtının qısalmasına ciddi təsir göstərir. Eyni zamanda, nəqliyyat vasitələrinin uzun müddət dayanmasının qarşısı alındığı üçün yanacaq sərfiyyatı azalır. Bu isə öz növbəsində avtomobillərin atmosferə buraxdığı zərərli qazların miqdarının azalmasına gətirib çıxarır. Nəticə etibarilə, ağıllı işıqforlar həm ekoloji baxımdan, həm də şəhər həyatının rahatlığı baxımından son dərəcə əhəmiyyətli bir sistemdir.

Bu baxımdan, belə sistemlərin quraşdırılması vacibdir və zəruridir. Ümid edirəm ki, Bakı şəhərinin küçə və prospektlərində ağıllı svetoforlar geniş şəkildə tətbiq olunacaq və şəhər nəqliyyatında real mənada yüksək effektivlik yaradacaq.

Eyni zamanda, ağıllı svetoforlar mərkəzləşdirilmiş nəqliyyat axınının idarə olunması sisteminə qoşularaq avtobus zolaqları ilə inteqrasiya oluna bilər. Hətta velosiped zolaqları ilə də uyğunlaşdırılaraq daha təhlükəsiz və rahat hərəkət şəraiti yaradıla bilər. Zəruri hallarda, xüsusilə fövqəladə vəziyyətlər zamanı bu sistem avtomatik şəkildə istiqamətləndirməni həyata keçirəcək, nəqliyyat axınını yenidən tənzimləyəcək və şəhər daxilində hərəkətin fasiləsizliyini təmin edəcək".
 

0