Lənkəranda məktəb direktoru ilə müəllim arasında uzun müddətdir yaşanan qalmaqala məhkəmədə aydınlıq gətirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullayeva məhkəməyə müraciət edərək müəllim Aynur Cəfərova və onun atası-rayonda həkim işləyən Şakir Qasımovun cəzalandırılmasını tələb edib.
Direktor iddia edib ki, müəllimlə atası feysbukda onun barəsində təhqir və böhtanlardan ibarət paylaşımlar edib. O, hər iki şəxsin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.
Araşdırmalar zamanı məlum olub ki, A. Cəfərova və atası sosial şəbəkədə öz adlarına olan səhifədə Y. Fərzullayeva haqqında paylaşımlar ediblər. Həmin mətnlərdə direktor barəsində “Müəllimlər Günü mənə hədiyyə yox, pul gətirin”, “saxta izahatlar alan”, “rüşvətxor”, “korrupsioner”, “saxta aktlar tərtib edən”, “dələduz” kimi ifadələr yer alıb.
Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə Aynur Cəfərova bildirib ki, Yaxşıxanım Fərzullayeva əvvəllər onun müəllimi olub. O, iş saatları ilə bağlı direktorla arasında narazılığın yarandığını bildirib. Atası Şakir Qasımov da qızının dərs saatlarının qanunsuz azaldıldığını və buna görə sosial şəbəkədə paylaşımlar etdiyini deyib. Hər iki şəxs baş verənlərə görə direktordan üzr istəyiblər.
Məhkəmə A. Cəfərovanın 1000, Ş. Qasımovun isə 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.


