Füzuli rayonunun Qaraxanbəyli kənd sakini İsmayıl İsmayılov təsərrüfatında silsilə yanğınlar törədildiyini iiddia edir. Onun sözlərinə görə, 4 ayda təsərrüfatında 6 yanğın hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, İsmayıl İsmayılov Qayıdış Qəsəbəsində məskunlaşıb.
Dediyinə görə, ailəsi və yaxınları ilə birgə xırdabuynuzlu heyvan təsərrüfatları var. Təsərrüfatında ardıcıl törədilən yanğınlar səbəbilə ona külli miqdarda ziyan dəyib. Son 4 ayda 6 yanğın hadisəsinin olması isə ailənin narahatlığını daha da artırıb.
Təsərrüfat sahibinin bildirdiyinə görə, sonuncu yanğınlar dekabırın 29, 31 və bu il yanvar ayının birində törədilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisə Füzuli rayon sakinlərindən şikayət ərizələri daxil olub. Polis əməkdaşları tərəfindən vətəndaşların izahatları alınıb və müvafiq prosessual hərkətlər icra olunub.
Hazırda Füzuli rayon Polis şöbəsində araşdırma davam etdirilir. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.


