Ötən il 46 nəfər zəhərlənmədən ölüb

HADİSƏ
10:12 / 07.01.2026
106

Ötən il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə qəbul edilən 1188 nəfərdən 46-sı ölüb.

Bu barədə HİT.az-a KTM-dən məlumat verilib.

Bildirilib ki, 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Onlardan 495 nəfər dərman preparatlarından, biri siçan dərmanından (rodentisid), biri həşərat dərmanından, 352 nəfər isə sirkə turşusundan zəhərlənib.

Bununla yanaşı 8 nəfər həlledici məhlullardan, 12 nəfər yandırıcı məhlullardan, biri kimyəvi məhlullardan, 65-i allergik reaksiyalardan, 40-ı fosfor üzvi birləşmələrindən, 18-i anafilaktik şokdan, 13-ü tüstüdən, 66-sı dəm qazından, 78-si ilan sancmasından, biri neft məhlulundan, beşi yabani bitkilərdən, altısı həşərat dişləməsindən, 22 nəfər spirtli içkilərdən, dördü isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 46 nəfərin (32 kişi və 14 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

0