Bakıda qonşusunun sözü ilə qızı Rəna Cavadovanı bıçaqlayan Rəfail Cavadovun cəzası yüngülləşdirilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı zərərçəkmiş şəxs kassasiya şikayəti verib.
Rəna Cavadova kassasiya şikayətini onunla əsaslandırıb ki, işin faktiki halları araşdırılarkən ibtidai istintaq zamanı qərəzli olaraq təhrifedilmiş şahid ifadələrinə, atasının çaşqınlıq içində öfkəli ifadələrinə üstünlük verilib. Rəna Cavadova bildirib ki, atası onu doğrudan da öldürmək istəsəydi, buna heç kim mane ola bilməzdi.
"Atam məhkəmə istintaqında dindirilən zaman məni öldürmək deyil, qorxudaraq cəzalandırmaq niyyətini bildirərkən tam həqiqəti söyləyib" - Rəna Cavadova atasını müdafiə edib.
Bir sözlə, istintaq orqanı və məhkəmələr nəticəyə gəlib ki, Rəfail Cavadov qızını öldürmək məqsədilə bu əməlləri törədib. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddələri ilə tövsif edilib. 5 bıçaq zərbəsi alan Rəfail Cavadovun qızı isə hesab edir ki, atasının əməli qəsdən adam öldürməyə cəhd kimi deyil, qəsdən sağlamlığa ağır zərər vurma (CM 126.1) kimi nəzərə alınmalıdır.
Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edib ki, şikayət qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Nəticədə Rəfail Cavadovla bağlı 11 il 3 aylıq həbs cəzası dəyişdirilib. Onun cəzası qızının şikayətindən sonra 7 il 10 aya endirilib.
Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. İstinaq zamanı müəyyən edilib ki, Rəfail Cavadovun qonşusu ilə söhbət zamanı ona qızının əxlaqsız həyat tərzi keçirməsini bildirib. Buna görə, Rəfail Cavadov qızını öldürmək qərarına gəlib. Bu məqsədlə ata qızına 5 bıçaq zərbəsi endirilib. Yaranmış səs-küy zamanı evə daxil olan qonşu qadın Rəfail Cavadovu arxadan tutaraq saxlayıb, nəticədə, Rəna Cavadova ölümdən xilas olub.


