Havalar soyuyan kimi dəm qazı təhlükəsi aktuallaşır.
Ötən gün Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb. Bu gün isə Bakıda 25 yaşlı oğlan dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Maraqlıdır, həyatımızı zəhərləyən bu bəlanın səbəbləri nədir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, dəm qazı iysiz, dadsız, rəngsiz və havadan yüngül olan qazdır:

"Qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır".
Ekspert qeyd edib ki, evin bacaları ildə ən azından iki dəfə təmizlənməlidir:
"Əgər evin bacaları təmizlənməzsə, orada hava ventilyasiyası və sovrulması olmadığı üçün yanma prosesi də çətinləşir. Evin havası gün ərzində iki dəfə səhər və axşam dəyişməlidir. Unutmayın ki, dəm qazı olan otaqda insanın həyatını itirməsi üçün 7 dəqiqə kifayət edir".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, hamamda olanda nəfəslikləri mütləq açıq saxlamaq lazımdır:
"İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Əslində isə hamamda hər zaman ventilyasiya olmalıdır. Eyni zamanda, hamam qapılarının aşağı hissəsində də dəliklərin olması mütləqdir. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski də azalar".
Sevinc


