8 minlik qızılını alıb, özünü bloka atdılar - Bakıda yeni dələduzluq

HADİSƏ
22:54 / 20.01.2026
43

Bakıda qızıl satıcısı dələduzluqla üzləşib.

Musavat.com xəbər verir ki, bu barədə İrfan adlı sahibkar sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, naməlum şəxs telefonla zəng edərək ümumi dəyəri 8 min 200 manat olan qızıl boyunbağı və qolbaq sifariş edib və məhsulların ünvana çatdırılmasını istəyib. Sahibkar bildirib ki, sifariş onun daim əməkdaşlıq etdiyi kuryer vasitəsilə yerinə yetirilib və qızıllar alıcının yaşadığı binanın qarajında təhvil verilib.

“Sifarişi verən şəxs kişi idi və bildirmişdi ki, qızılları kuryerdən bir qadın götürəcək. Həmin şəxs ‘İrfan bəyin xəbəri var’ deyərək ödənişi dollarla edəcəyini bildirib və 4 min 900 ABŞ dolları təqdim edib. Sonradan məlum oldu ki, pullar saxtadır”, – deyə sahibkar qeyd edib.

İrfan bildirib ki, müştəri ilə əlaqə saxlanıldıqda o, dollarların saxta olmasından imtina edib və onları yenidən həmin ünvana çağırıb. Lakin ora çatdıqda məlum olub ki, dələduz onları aldadıb, telefonu söndürərək hadisə yerindən uzaqlaşıb.

Hazırda faktla bağlı polis araşdırma aparır. Sahibkarın sözlərinə görə, dələduzluqda iştirak edən iki nəfərdən birinin – qadının kamera görüntüləri artıq əldə edilib.

Sahibkar digər qızıl satıcılarına da müraciət edərək, bu cür halların qarşısını almaq üçün qızıl satışının dollarla deyil, manatla aparılmasını tövsiyə edib.

0