Bir hesab, iki ödəniş: Bakıda restoranda POS-terminal QALMAQALI

HADİSƏ
13:01 / 21.01.2026
50

Bakıda fəaliyyət göstərən restoranlardan birində müştərinin hesabından ödəniş zamanı iki dəfə pul çıxılması narazılığa səbəb olub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan şikayətdə müştəri restoranda POS-terminalda yaranan problem səbəbindən hesabdan ikiqat məbləğin tutulduğunu bildirib.

Şikayətçinin sözlərinə görə, hadisə ailəsi ilə birlikdə "Özsüt" restoranlar şəbəkəsinin Xaqani bağında (keçmiş "Molokan bağı") yerləşən filialında baş verib. Hesab ödənilərkən müştəriyə ABB-yə məxsus POS-terminal təqdim olunub. İlkin cəhddə ödəniş edilsə də, məbləğin restoranın hesabına daxil olmadığı bildirilib:

"Restoran əməkdaşı problemin kartla bağlı ola biləcəyini dedi. Halbuki "Rabitəbank"a məxsus həmin kart vasitəsilə digər mağazalarda alış-veriş etmişdim. Sonrakı iki cəhddə də ödənişlə bağlı problem yaşandı".

Şikayətçinin bildirdiyinə görə, üçüncü cəhddə balansdan 46 manat çıxıldığı görünsə də, bu məbləğ restoranın hesabına daxil olmayıb. Daha sonra başqa POS-terminal gətirilib və yenidən ödəniş edilib. Bu dəfə vəsait restoranın hesabına köçürülüb. Müştəri inzibatçıya hesabdan iki dəfə pul çıxıldığını bildirdikdə isə ona bunun restoranın problemi olmadığı cavabı verilib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Rabitəbank"dan bildirilib ki, bankın müştərisi S.Ş.-nin müraciəti əsasında 14 yanvar 2026-cı il tarixində baş vermiş ödəniş əməliyyatları ilə bağlı araşdırma aparılıb.

"Araşdırma zamanı müəyyən edilib ki, müştəriyə məxsus debet kart hesabından "Özsüt" restoranında 46.30 AZN məbləğində iki ayrı ödəniş əməliyyatı həyata keçirilib. İlk əməliyyat QR-kod vasitəsilə, ikinci əməliyyat isə POS-terminal üzərindən icra olunub və hər iki əməliyyat bank sistemləri üzrə uğurla tamamlanıb. Sözügedən əməliyyatlar müştərinin hesabdan çıxarışında da öz əksini tapıb.

Müştəri müraciəti əsasında hər iki ödənişlə bağlı qarşı banka sorğu ünvanlanıb. Hazırda bankımız tərəfindən əməliyyatlardan biri üzrə çıxılmış vəsaitin müştərinin hesabına geri qaytarılması istiqamətində müvafiq prosedurlar icra olunur.

Əgər sorğu nəticəsində vəsaitin bərpası mümkün olmazsa, müştəriyə hər iki ödənişin uğurla icra edildiyini təsdiq edən hesabdan çıxarış təqdim olunacaq və bu sənəd əsasında müştəri birbaşa ödəniş nöqtəsinə, "Özsüt" restoranına müraciət edə biləcək", - bankın cavabında bildirilir.

0