“TikTok” platformasında “Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.
HİT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.
S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.


