Təəssüf ki, ölkəmizdə son zamanlar ağır cinayət hadisələrinin sayı artıb.
Üstəlik, cinayət hadisələri daha çox balta ilə törədilir. Son illər ölkəmizdə törədilən dəhşətli cinayət faktlarında məhz baltadan istifadə olunub.
Xatırladaq ki, ailəsinə qarşı törətdiyi dəhşətli qətliamda Əhməd Əhmədov baltadan istifadə edib. Bu günlərdə isə Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. 14 və 15 yaşlı bacı-qardaşa əmiləri balta ilə xəsarət yetirib. Əfsuslar olsun ki, 15 yaşlı qız uşağı aldığı xəsarətlərə görə ölüb.
Ümumiyətlə, qətl və cinayət aləti kimi baltanın seçilməsi təsadüfdür, yoxsa burada psixoloji məqam var?
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, bu gün cəmiyyətdə insanların böyük əksəriyyəti stressə davamsızdır:
"Bu isə öz növbəsində aqressivləşməyə gətirib çıxarır. Əslində, ailədaxili zorakılıqların artmasında sosial-iqtisadi faktorlar əsas rol oynamır. Əks təqdirdə, ailədaxili zorakılıqlar ancaq kasıb ailələrdə baş verərdi. Amma baş verən hadisələrdə bunun belə olmadığını görürük. Deməli, başqa səbəblər də var".
Onun sözlərinə görə, bu gün sanki zorakılıq geniş mənada təbliğ olunur:
"Sosial şəbəkələrdə, kinolarda və cinayət verilişlərini insanların şüuraltına təsir edir. Nəticədə, belə xoşagəlməz hallar artır".
Psixoloq hesab edir ki, artıq milli-mənəvi ənənələrimiz korroziyaya uğrayıb:
"Əfsuslar olsun ki, artıq oğul valideynlərini, bacısını, valideyn övladlarını, əmi qardaşı uşaqlarını, baba nəvələrini amansızcasına qətlə yetirə bilir. Lakin düşünürəm ki, cinayət hadisələrinin balta ilə törədilməsinə xüsusi məna verilməsi düzgün deyil. Sadəcə olaraq qatil həmin an yanında baltanı görərək cinayəti onunla törədir".
Günel


