Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) HİT.az-a verilən məlumata görə, xarici ölkələrin ərazisində qanunsuz silahlı fəaliyyətə qoşulan Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunması istiqamətində ardıcıl iş aparılır.
Əldə edilmiş məlumatlara əsasən, Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatlarda ötən müddət ərzində xeyli sayda Azərbaycan vətəndaşı iştirak edib. Onlardan bəzilərinin həlak olduğu, itkin düşdüyü və ya yaralandığı, bir qisminin isə əsirlikdə saxlanıldığı müəyyən edilib.
Aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirilib. Bildirilib ki, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılıblar, barələrində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DTX vətəndaşların diqqətinə bir daha çatdırıb ki, xarici ölkələrin ərazisində qanunsuz silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır. Qurum bəyan edib ki, bu kimi hallara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.

