"İdrak Liseyi"ndə şagird müəllimi güllələdi -YENİLƏNİB

HADİSƏ
11:14 / 06.02.2026
128

Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb.

HİT.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

10.53

Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimini güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən HİT.az-a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.

Liseyin rəhbəri Mönsüm Alışov isə "Unikal"a açıqlamasında hadisənin səbəbini deyib:

"Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib".

10.38

Bakıdakı “İdrak Liseyi”ndə silahlı insident baş verib.

HİT.az Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

0