Vardanyanın həbsi: “Haqq-ədalət yerini tapdı”

HADİSƏ
15:05 / 18.02.2026
116

“Ruben Vardanyanın həbsi təkcə bir şəxsin hüquqi məsuliyyəti məsələsi deyil. Bu, ümumilikdə regionda uzun illər davam edən siyasi və hüquqi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və konstitusion quruluşu beynəlxalq hüququn əsas prinsiplərindən biridir:


“Bu prinsiplərə qarşı atılan addımlar da gec-tez hüquqi müstəvidə cavablandırılmalıdır. Hər kəsə bəllidir ki, Ruben Vardanyan Rusiyanın Cənubi Qafqazı, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edən bir şəxs idi. O, Rusiyanın separatizmini dəstəkləyərək, Qarabağdakı keçmiş qondarma quruma külli miqdarda vəsait ayırırdı. Vardanyan bu yolla birbaşa olaraq terroru maliyyələşdirir və təbii sərvətlərimizi oğurlayırdı. Onun bunun etməkdə hədəfi isə tarixin zibilliyinə atılmış qondarma quruma rəhbərlik etmək idi”.

T.Qulami qeyd edib ki, Ruben Vardanyanın həbsi ilə haqq-ədalət növbəti dəfə öz yerini tapdı:
“Azərbaycanın mövqeyi ondan ibarət idi ki, ölkə ərazisində qanunsuz fəaliyyət göstərən, separatizmi təşviq edən və dövlətin suveren hüquqlarını şübhə altına alan istənilən şəxs qanun qarşısında cavab verməlidir. 30 illik işğal nəticəsində torpaqlarımızda mənfur qüvvələr qeyri-qanuni fəaliyyətlər həyata keçirirdilər. Bu baxımdan da Vardanyanın həbsi haqq-ədalətin yerini tapması aspektində qiymətləndirilməlidir. Çünki hüquqi dövlət anlayışı selektiv yanaşmanı deyil, qanunun aliliyini tələb edir. Burda əsas məsələ emosional münasibət deyil, hüquqi prosedurların şəffaf və beynəlxalq normalara uyğun aparılmasıdır”.

Sədr müavini vurğulayıb ki, məhkəmə prosesi tam şəffaf və ədalətli şəkildə keçirildi:
“Burda söhbət hər hansısa bir hərbi əsirdən deyil, cinayətkardan gedir. Daha dəqiq desək, müharibə cinayətləri törədən bir şəxsdən danışırıq. O, özü də açıq şəkildə etiraf edir ki, müharibə cinayətlərini törədən əməllər həyata keçirib. Ədalət isə yalnız cəza deyil, hüququn bərpası, dövlətin suverenliyinin təsdiqi və gələcəkdə oxşar halların qarşısının alınmasıdır. Aylardır davam edən məhkəmə prosesi açıq, obyektiv, ədalətli və şəffaf şəkildə keçirildi”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazda separatizmin kökünü kəsən yeganə dövlətdir:
“Bu hadisə həm də bir mesajdır: regionda yeni mərhələ başlayıb və bu mərhələdə hüquqdan kənar siyasi layihələrə yer yoxdur. Dövlət suverenliyi müzakirə mövzusu deyil, ola da bilməz. Kimliyindən, maliyyə imkanlarından və yaxud da beynəlxalq əlaqələrindən asılı olmayaraq qanunu pozan hər kəs məsuliyyət daşımalıdır”.

Elmir Mustafa 
 

0