İranın molla rejimi bu gün özünün əsl simasını bir daha dünyaya nümayiş etdirdi.
Adıçəkilən ölkədən Naxçıvan Muxtar Respublikasına dronlarla hücumlar həyata keçirildi. Naxçıvan hava limanına yönəldilən hücum zamanı zaman 4 nəfər xəsarət aldı. Beləliklə, İran rəhbərliyi bu təxribatı ilə yenidən öz xislətini ortaya qoydu. Üstəlik, hava limanı kimi sərnişinlərin çox olduğu bir yerin hədəf seçilməsi də onların pis niyyətlərindən xəbər verir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında bildirib ki, İran uzun illərdir Azərbaycana düşmən münasibəti sərgiləyir:
“Azərbaycan isə hər zaman İrana qonşuluq münasibəti nümayiş etdirib. Cənab Prezident İlham Əliyevin İranın ali dini lideri Əli Xameneinin öldürülməsi ilə bağlı başsağlığı verməsi, səfirliyə gəlib xatirə kitabına öz ürək sözlərini yazmasını bunun nümunəsidir. Lakin bütün bunların qarşılığında Tehran hakimiyyəti ölkəmizə düşmən kimi davranır”.
Millət vəkili qeyd edib, İranın hakimiyyət orqanları Azərbaycanın mehriban qonşuluq siyasətini dəyərləndirmir:
“Əgər kimlərsə bizi sınamaq istəyirsə, bu alınmayacaq. Lakin bununla belə Azərbaycan tərəfi ərazi bütövlüyümüzə qarşı çıxanları mütləq cəzalandıracaq. Biz İrandan üzrxahlıq gözləyirik. Dron Naxçıvanda məktəb yaxınlığına, hava limanına düşübsə, bunun cavabını verməlidirlər. Heç düşünüblərmi ki, dron məktəbə düşsəydi, nə olacaqdı? İran Azərbaycanın münasibətini görüb, ona uyğun davranmalıdır. Biz kimə nə münasibət göstəririksə, onlardan eyni jesti gözləyirik”.
Günel Cəlilova



