"İranın Naxçıvana dron hücumu təşkil etməsi bir neçə səbəblə izah oluna bilər”.
Bu sözləri siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında deyib.
O, səbəblərdən bəhs edib:
“İlk növbədə qeyd etmək lazımdır ki, bu hadisə yalnız ABŞ və İsrailin İranla apardığı müharibə ilə bağlı deyil. İran uzun illərdir Azərbaycana qarşı təhdidkar siyasət yürüdür, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini pozan addımlar atır, milli təhlükəsizliyimiz üçün risk yaradan davranışlar sərgiləyir. Həmçinin, Azərbaycanın dövlət sərhədlərinə hörmət göstərmir. Bu baxımdan, İranın hansısa mərhələdə belə bir addım atması gözlənilən idi.
Xatırlatmaq yerinə düşər ki, işğal dövründə İran Azərbaycanın ərazilərinin işğal altında qalmasına faktiki şəkildə dəstək verib, separatçı rejimin silahlandırılmasına yardım göstərib, Ermənistanın maddi təminatına şərait yaradıb. İran uzun müddət Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini strateji müttəfiq kimi dəstəkləyib”.
Ekspert qeyd edib ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi İran üçün arzuolunmaz hadisəyə çevrildi:
“Buna etiraz olaraq İran Azərbaycan sərhədlərinə hərbi qüvvə topladı və ölkəmizi təhdid etməyə başladı. Hətta 2002-ci ildə İran təyyarələri Azərbaycan hava məkanını pozaraq “Araz-Alov-Şərq” yataqları istiqamətində fəaliyyət göstərən Azərbaycan neft gəmilərinə qarşı təzyiq göstərmiş, əraziyə yaxınlaşan gəmiləri atəşlə hədələmişdi. Həmçinin, qeyd etmək lazımdır ki, 2023-cü ilin yanvar ayında İranda Azərbaycanın səfirliyinə qarşı terror aktı törədilmişdi. İran hakimiyyəti bu kimi addımları zaman-zaman müxtəlif formalarda təkrarlayıb. Hazırkı vəziyyətdə isə sanki onlar üçün yeni bir fürsət yaranıb və mövcud şəraitdən istifadə etməyə çalışırlar”.
Həmsöhbətimiz hesab edir ki, İranın Azərbaycanı hədəfə almasının bir neçə məqsədi var:
“Tehran hakimiyyəti uzun müddətdir belə bir təbliğat aparır ki, guya Azərbaycanda ABŞ və İsrailin hərbi bazaları yerləşir və bu bazalardan İrana qarşı istifadə olunur. Lakin mövcud vəziyyətin gedişi göstərdi ki, Azərbaycanda belə hərbi bazalar yoxdur. Ölkəmiz öz mövqeyinə sadiq qalaraq ərazisindən İrana qarşı istifadə olunmasına imkan vermir”.
O vurğulayıb ki, Prezident İlham Əliyev də müxtəlif çıxışlarında bu mövqeni konkret faktlarla ifadə edib və humanist yanaşma nümayiş etdirib:
“Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq İrana qarşı hər hansı təhlükənin ölkə ərazisindən yaranmasına şərait yaratmayıb. İran isə Azərbaycan ərazisində təxribat yaratmaq və qonşu ölkələri münaqişəyə cəlb etməklə beynəlxalq ictimaiyyətə guya Azərbaycandan ona təhlükə olduğunu göstərməyə çalışır. Bununla yanaşı, İran müharibənin coğrafiyasını genişləndirməyə cəhd edir. Məqsəd digər ölkələri ABŞ və İsrailə qarşı yönəltməkdir. Bu kontekstdə İran həm ərəb ölkələrini, həm Azərbaycan və Türkiyəni, hətta Kipr vasitəsilə Avropa məkanını da münaqişə kontekstinə daxil etməyə çalışır.
Onların düşüncəsinə görə, müharibənin miqyasının genişlənməsi diplomatik və siyasi müstəvidə müəyyən nəticələr verə bilər. Yəni digər dövlətlər münaqişənin böyüməsinin qarşısını almaq üçün müharibənin dayandırılması istiqamətində daha fəal mövqe tutacaqlar. Lakin bu yanaşma daha çox konspiroloji xarakter daşıyır və real siyasi əsaslara söykənmir”.
M. Abdullanın fikrincə, İranın Azərbaycana qarşı dron hücumu və onun nəticələri başqa bir məqamı da üzə çıxardı:
“İranın rəsmi diplomatik nümayəndələri və siyasi dairələri belə bir hücumun baş vermədiyini bildirərək bunu təkzib edir. Lakin digər tərəfdən SEPAH-a bağlı media qurumları və sosial şəbəkələrdə yayılan məlumatlar həmin hücumun məhz onların tərəfindən təşkil edildiyini göstərir. Hətta bu məlumatlarda Azərbaycan növbəti dəfə hədələnərək bunun “xəbərdarlıq” olduğu vurğulanır və hücumların davam edə biləcəyi mesajı verilir.
Bu vəziyyət göstərir ki, İranın ali rəhbərliyinə qarşı son hadisələrdən və rejimin zəifləməsindən sonra ölkə daxilində hakimiyyət strukturları arasında ciddi fikir ayrılıqları yaranıb. Siyasi hakimiyyət hücumu təkzib etməklə bu hadisədə birbaşa iştirakının olmadığını göstərməyə çalışır və məsuliyyətin SEPAH-a aid olduğu mesajını verir. SEPAH isə əksinə, bunu açıq şəkildə etiraf edir”.
Siyasi şərhçinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “İran tərəfinin namərdliyi və nakişiliyi” ifadəsi ilk növbədə SEPAH-a aiddir:
“Çünki Azərbaycanla İran arasında müəyyən razılaşmalar mövcuddur. Azərbaycan tərəfi öz ərazisindən İrana qarşı hücumlar üçün istifadə olunmayacağına dair öhdəlik götürüb. Görünür, SEPAH bu razılaşmaları nəzərə almaq istəmir və mövcud vəziyyətdən istifadə edərək Azərbaycana qarşı təxribat törədir.
Bu hadisə bir daha göstərir ki, SEPAH terrorçu mahiyyətli bir struktura çevrilib və region üçün ciddi təhlükə mənbəyidir. Məhz bu səbəbdən Prezident İlham Əliyev baş verən hadisəni terror aktı kimi qiymətləndirib. Terrorla məşğul olanlar isə mütləq cəzalandırılmalıdır. Terrorun milliyyəti və dini kimliyi yoxdur”.
Günel Cəlilova



