2025-ci il üzrə statistikaya əsasən, qadınlara qarşı törədilmiş cinayətlərin sayı 6541 olub. Eyni dövrdə qadınlar tərəfindən törədilmiş cinayətlərin sayı isə 1943 təşkil edib.
Modern.az-ın sorğusuna cavab olar Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat ilində ümumilikdə 21 031 nəfər cinayət törətmiş şəxs qeydə alınıb. Onlardan 19 694 nəfəri kişi, 1337 nəfəri isə qadın olub. Statistik məlumatlara görə, cinayət törətmiş şəxslər arasında 3646 nəfər əvvəllər də cinayət törətmiş şəxslər olub.
2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb. Bu cinayətlər arasında 53 qəsdən adam öldürmə, 20 adam öldürməyə cəhd, 30 qəsdən sağlamlığa ağır zərər vurma, 64 qəsdən sağlamlığa az ağır zərər vurma, 1202 qəsdən sağlamlığa yüngül zərər vurma, 6 əzab vermə, 1 öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və 20 digər cinayət faktı yer alıb.
Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkmiş qadınların sayı isə 1176 nəfər olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatına əsasən, məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi 1221) şəxs məsuliyyətə cəlb olunub. Bununla yanaşı 2 cinayət təkrar törədilib. 2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb (qadın - 29, kişi -16).


