Narkotiklə tutuldu, illər əvvəl qətl törətdiyi üzə çıxdı - TƏFƏRRÜAT

HADİSƏ
20:43 / 17.03.2026
53

Şəmkirdə 16 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Oxu.Az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində həmyerlisini öldürməkdə ittiham olunan Turab Vəliyevin işi üzrə proses başa çatıb. Məhkəmənin hökmü ilə T.Vəliyev 13 il azadlıqdan məhrum edilib.

İttihama görə, Şəmkir rayonunun Yeniabad kənd sakini, 1989-cu il təvəllüdlü Turab Vəliyev 2010-cu il fevralın 15-də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla yaşadığı kənd istiqamətində hərəkətdə olarkən ödənişlə bağlı aralarında mübahisə yaranıb. Bu zaman T.Vəliyev üzərində gəzdirdiyi bıçaqla Məhərrəm Həsənova 11 zərbə endirərək onu qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılsa da, cinayətin üstü açılmayıb, qatil tapılmayıb.

T.Vəliyev 2023-cü il dekabrın 15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb. Araşdırmalar zamanı T.Vəliyevin 2010-cu ildə həmyerlisi M.Həsənovu qətlə yetirdiyi məlum olub.
 

0