Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan istintaqın gedişatı barədə danışıb.
“Qafqazinfo” “Orda.kz” portalına istinadən xəbər verir ki, hökumət rəsmisi yaxın vaxtlarda istintaqın texniki aspektlərinin yekunlaşdırılacağını bildirib:
“Artıq bütün zəruri texniki məlumatlar toplanıb, təyyarə və avadanlıq istehsalçılarından ekspert rəyləri alınıb. Həmçinin GPS izləyiciləri və naviqasiya sistemlərindən əldə olunan göstəricilərin təhlili başa çatdırılıb. Hadisənin araşdırılmasında Qazaxıstan, Azərbaycan, “Embraer” şirkəti və müvafiq beynəlxalq agentliklərin nümayəndələrindən ibarət genişmiqyaslı beynəlxalq komissiya iştirak edir. İstintaqın hüquqi tərəfləri hazırda Rusiya tərəfinin atacağı addımlardan asılıdır”.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Göyərtədə ümumilikdə 67 nəfər olub ki, qəza nəticəsində onlardan 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb.


