Quba rayonunda 27 yaşlı gəlin qayınanasına xəsarət yetirib.
Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 1-də rayonun kəndlərindən birində baş verib.
1999-cu il təvəllüdlü Təhminə həmin gün saat 12 radələrində yaşadıqları evin qonaq otağında qayınanası Fatimə (adlar şərti verilib – red.) ilə mübahisə edib.
Aralarında yaranmış məişət mübahisəsi zamanı qayınanasının sifət nahiyəsindən şillə ilə vurub, saçından tutaraq başını divara vurub.
Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2015-ci ildə Bəhmənlə evlənib: “Evliliyimizdən beş övladımız var. Evləndikdən sonra Quba rayonunun kəndində qayınanam Fatimə ilə birlikdə yaşamışıq. Fatimə ilə aramızda mütəmadi olaraq mübahisələr yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin noyabrın 1-də, saat 12 radələrində qayınanası Fatimə ona Bəhmənin işdən gələcəyini və onun üçün çay hazırlamağını deyib: “Mən də su qaynatmaq üçün çaydanı odun sobasının üzərinə qoydum. Bu vaxt Bəhmən evə gəldi. Bəhmən məndən nə səbəblə çay hazırlamadığımı soruşdu. Mən də qaynamaq üçün çaydanda su qoyduğumu dedim. Bu zaman Fatimə mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı əsəbiləşərək Fatimənin sifət nahiyəsindən şillə ilə vurdum və saçından tutaraq başını divara vurdum. Bu vaxt Bəhmən bizi sakitləşdirdi. Mən də digər otağa keçdim”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Təhminə aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.


