Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlamasını təqim edirik:
Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri ilə bağlı daxil olan müraciətlərlə əlaqədar bildiririk ki, sözügedən ərazidə zirzəmisi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə 13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət qurumlarının rəyləri əsasında müvafiq icazə verilib və verilən tarixdən həmin icazədə heç bir dəyişikliklər edilməyib.
Daxil olmuş müraciətlər əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilib. Aparılmış yoxlama zamanı təsdiq olunmuş layihədən hər hansı kənarlaşma, o cümlədən əlavə mərtəbənin inşası faktı öz təsdiqini tapmayıb.
Hazırda həmin ünvanda aparılan tikinti işləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarəti altındadır.
Bunlarla yanaşı qeyd edək ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur.


