Hər mövsümün bəlası: Dəm qazı TƏHLÜKƏSİ

HADİSƏ
15:27 / 06.04.2026
43

Dəm qazı təhlükəsi tək qış aylarında deyil, yaz fəslində də özünü göstərir. 

Yaxın günlərdə Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri dünən vəfat edib. Yəni qış bitsə də, dəm qazı təhlükəsi qalmaqda davam edir.

Bəs yaz aylarında belə dəm qazı faciəsinə səbəb nədir? Nələrə diqqət etməliyik?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib ki, qaz qurğuları olan yerlərdə təhlükəsizlik hər zaman diqqət mərkəzində olmalıdır: 

"Nəzərə almaq lazımdır ki, qaz fiziki-kimyəvi xüsusiyyətlərinə görə yanıcı və partlayıcıdır. Yəni düzgün istifadə olunmadıqda dəm qazına çevrilə bilər. Bu səbəbdən də nəişətdə qaz cihazlarının təhlükəsiz istismarı mütləq təmin olunmalıdır".

395930

Ekspert vurğulayıb ki, qaz cihazları olan otaqlarda havalandırma sisteminə xüsusi diqqət yetirilmək çox vacibdir:

"Mütləq şəkildə otaqda mütləq ventilyasiya və ya nəfəslik olmalıdır. Çünki qazın yanması üçün kifayət qədər oksigen tələb olunur. Əgər otaqda hava çatışmazlığı varsa, tüstü bacası normativ qaydalara uyğun deyilsə, bu, yanma prosesinə mənfi təsir göstərir və təhlükə yaradır. Ona görə də tüstü bacaları standartlara cavab verməli və mütəmadi olaraq təmizlənməlidir".

Elmar Nurəliyev onu da diqqətə çatdırıb ki, yığılan tullantılar və ya çirklənmə zamanla onun normal fəaliyyətinə mane olur:

"Həmçinin, qaz cihazı olan məişət otaqlarında qaz sızması və dəm qazı əleyhinə detektorların quraşdırılması vacibdir. Çünki bu qurğular xüsusi siqnal vasitəsilə istifadəçini vaxtında xəbərdar edir. Beləliklə, zəhərlənmə riskinin qarşısı alınır. 

Bundan əlavə, hamam otağında qaz cihazının quraşdırılması məqsədəuyğun deyil. Lakin belə bir quraşdırma mövcuddursa, həmin məkanda mütləq havalandırma sistemi və nəfəslik olmalıdır".

Günel Cəlilova

0