Şirvanda bir ailənin 6 üzvünün zəhərləndiyi restoran müəyyən edildi - Araşdırma başlanıldı

HADİSƏ
12:00 / 08.04.2026
57

Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə HİT.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Qida Təhlükəsizliyi Agentliyindən "Report"a bildirilib ki, Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.

İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.

0