Son günlərdə Xəzər dənizində ardıcıl şəkildə zəlzələlər qeydə alınır.
Təbii ki, bu da insanları narahat etməyə başlayıb. Düzdür, Xəzərdə mütəmadi şəkildə zəlzələlərə şahidlik edirdik. Lakin belə intensiv xarakter alması müəyyən qədər qorxuya da səbəb olub. Yəni 1 gün içərisində 4 zəlzələnin baş verməsi suallar doğurur.
Xəzər dənizində belə ardıcıl zəlzələlərə səbəb nədir? Bu, hansısa problemlərə yol aça bilərmi?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin dibində baş verən bu titrəyişlər hər zaman var idi:
“İndi də davam edir. Lakin son günlərdə bu intensivliyin yüksəlməsi insanları narahat edir. Təbii ki, insanlar haqlıdır, mətbuat da bunu işıqlandırmalıdır. Lakin burada qeyri-adi bir proses baş vermir. Sadəcə olaraq Abşeron platformasında bir çox fay xətlərində gərginlik var. Bu gərginlik yavaş-yavaş boşalarsa daha yaxşı olar, çünki böyük zəlzələlərdən qaçmış olarıq”.
Ekspert qeyd edib ki, Xəzər dənizində hər an titrəyişlər var və bu hər hansısa dəyişikliyə səbəb olmaz:
“Ümumiyyətlə, 5 bal gücündə zəlzələ Xəzərin dabanında nəsə bir dəyişikliyə səbəb olacaq və ya problem yaradacaq gücdə deyil. Yəni burada qorxulacaq bir şey yoxdur. Bu miqyasda zəlzələlərin ekosistemlərə və dəniz dibindəki canlılara da təsiri mövcud deyil. 5 bal gücündə zəlzələlər afterşoklar kimi təhlükə də yaratmır. Bütün bunlar təbii prosesdir”.
Pərviz



