İqbal Ağazadənin oğurlanan hesabı qaytarıldı - AÇIQLAMA

HADİSƏ
15:30 / 02.07.2026
261

Ötən gün Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadənin adından dəluduzluq edilib.

Belə ki, onun “Telegram” nömrəsi oğurlanıb. Nömrəni oğurlayan şəxs İqbal bəyin adından müxtəlif insanlara yazaraq onlardan pul istəyib. Lakin nömrə oğurlanan kimi İqbal Ağazadənin rəsmi hesabında dərhal bu barədə paylaşım edilərək, insanlar xəbərdar edilib:
“İqbal Ağazadənin “Telegram” hesabı oğurlanıb. Kimə yazsa, cavab verməsin. Yazıb, “karta pul atın” deyir”.

Həmçinin, partiya sədrinin müavini Tamilla Qulami də hadisə baş verən kimi sosial şəbəkə hesablarında bununla bağlı xəbərdarlıq paylaşımları edib. Buna baxmayaraq, tanınmış jurnalist dələduzun yalanına aldanıb. O, 600 manat göndərdiyini açıqlayıb:
“Məni aldatdılar, dostlar. Biri İqbal Ağazadə adı ilə “Telegram” kanalından “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa, atın” yazdı, “2-3 saata göndərəcəyəm”,- dedi. Mən də heç soruşmadan “Baş üstə, İqbal bəy”,-dedim. Ardınca 420 manat da bir istədi. Dedim ki, kartımda 300 var, onu göndərə bilərəm. 

Toplam 600 AZN göndərəndən sonra bu şəxs bir də “Telegram”dan qısa zəng etdi. İndi də 340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Yığdım, qaldırmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun “Telegram” hesabı oğurlanıb və o, bu haqda  “Facebook”da yazıbmış”.

Bu gün isə Daxili İşlər Nazirliyi məsələnin nəzarətə götürüldüyünü və araşdırıldığını deyib.

Bəs hazırda son vəziyyət nə yerdədir?

Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, artıq nömrə geri qaytarılıb:


“Dünən “Telegram”ın dəstək şöbəsinə müraciət etmişdik. Artıq bu gün hesab geri qaytarıldı. Əslində, İqbal bəy uzun illərdir “Telegram” istifadə etmirdi. Sadəcə olaraq bazada olan nömrəsinə kiber hücum olaraq oğurlanmışdıı”.

O, başqa zərərçəkənin olmadığını deyib:
“Ləman xanımdan başqa aldanan olmayıb. Kimə o mesaj göndərilibsə, həmən İqbal bəyin telefon nömrəsi və ya "Whatsapp" nömrəsi ilə əlaqə saxlayıb, özünə məlumat veriblər. Dələduzların araşdırılması işi gedir və Daxili İşlər Nazirliyi bu barədə ətraflı açıqlama verəcək”.

Elmir Mustafa

0